Daxili İşlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən RePost.Az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev Yasamal rayonu ərazisində saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 305 qram heroin, yaşadığı mənzildən isə 1 kiloqram 831 qramdan artıq heroin, 2 kiloqram 72 qramdan artıq metamfetamin, 256 qramdan artıq tiryək və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Useynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 7 qramdan artıq heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə ona məxsus “Volkswagen” markalı avtomobilə baxış zamanı oradan 17 qrama yaxın heroin, nömrəsi silinmiş “Luger” markalı tapança və 27 ədəd patron götürülüb.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, nömrəsi silinmiş “Naqan” tipli tapança və 2 ədəd patron aşkar edilərək götürülüb.
Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş A.Orucov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 26 qramdan artıq, yaşadığı evin həyətinə baxış zamanı isə 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.