Regional xüsusi xidmət orqanlarının axtardığı iri narkotik tacir Lənkəran rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.
 
RePost.Az xəbər verir ki. bu barədə Sputnik Azərbaycan-a Lənkəran rayon Polis İdarəsindən məlumat verilib. Saxlanılan şəxs 1979-cu il təvəllüdlü Məmmədov Elnur Ağa oğludur.
 
Kişi əməliyyatçılar tərəfindən opium qəbul edərkən yaxalanıb. Məmmədovun saxlanılmasına səbəb yanvar ayında 2 kiloqram opiumun saxlanılması ilə bağlı aparılan araşdırma olub.
 
Yanvarın 22-də Lənkəran RPİ-nin əməliyyatçıları iri partiya narkotik maddə ələ keçiriblər: 2 kq 100 q opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul).
 
Reyd zamanı Lənkəran şəhər sakini, 1981-ci il təvəllüdlü Məmmədov Aqşin Aslan oğlu saxlanılıb.
 
Əməliyyatçılar Aqşin Məmmədovu avtomobillə Bakıya gələrkən yaxalayıblar. Axtarış zamanı Məmmədovun üzərindən 2 kq 100 qr opium və 100 qr metamfetamin (amfetamindən hazırlanmış kristal məhsul) tapılaraq götürülüb. Məmmədov etiraf edib ki, şəhərdə opiumu 10 min manata, metamfetamini isə 5 min manata satmağa hazırlaşırmış.
 
İlkin istintaq zamanı saxlanılan şəxs bildirib ki, narkotiki Rza adlı İran vətəndaşından alıb.
 
Məmmədovun sözlərinə görə, o, iranlıya 10 min manat verib ki, ona gül üçün dekorativ qablar göndərsin. Amma Rza gül qabı almayıb. "Gül qabları yoxdur, pul xərclənib, amma əvəzində opium var, onu Bakıda sataraq böyük pul əldə edə bilərsən" - iranlı Məmmədova bildirib. Məsələni beləcə həll ediblər. Məmmədov Rzadan opium və metamfetamin alıb və sərhəddən rahat keçirib. Amma Bakı yolunda onu asayiş keşikçiləri yaxalayıblar.
 
Aqşin Məmmədovun telefon danışıqları araşdırılarkən xüsusi xidmət orqanlarının əməkdaşları opium sifarişçisi Elnur Məmmədovun izinə düşüblər.
 
"O iri narkobarondur. Uzun müddətdir regionun xüsusi xidmətləri onu axtarırdılar. O, çox ustalıqla özünün cinayət fəaliyyətlərini gizlədib. Burada hamı Məmmədovu yerli toylarda mahnı oxuyan müğənni kimi tanıyır. İndi o, oxuya bilməyəcək, çünki həbsxanada buna görə pul vermirlər. Amma rəqs etməyi öyrənmək lazımdır" - polis ironiya ilə deyib. Lənkəran RPİ-dən verilən məlumata görə, bu gün sözügedən şəxslərlə əlbir olan bütün cinayətkar dəstə, sifarişçilər və icraçılar saxlanılıb. 
 
RePost.Az

Baxış sayı: 4340 | Tarix: 10.02.2017
Bizi Telegramda izləyin: @repostaz