Fevralın 7-də Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində olarkən İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması faktı ilə bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılıb.
 
Cəbrayıl rayon Prokurorluğundan RePost.Az-a verilən məlumata görə, prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə 1988-ci il təvəllüdlü Mehman Quliyevin meyiti, başqa şəxslərə aid meyit fraqmentləri aşkar edilib, həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.
 
Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma),  120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
 
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.

Baxış sayı: 6848 | Tarix: 08.02.2021
Bizi Telegramda izləyin: @repostaz