Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə verir.
 
RePost.Az xəbər verir ki, bu barədə "unikal.org"a S.Novruzovun özü məlumat verib. O bildirib ki, Daxili İşlər Nazirliyi tərəfindən karantin qaydalarının pozulması iddiası ilə onun inzibati qaydada cəzalandırılması və cərimələnməsi tamamilə qanunsuzdur:
 
“Görünən odur ki, aidiyyatı qurumların və səlahiyyətli şəxslərin qanundan xəbərləri yoxdur. Halbuki həmin qanunu biz qəbul etmişik.
 
Orada açıq şəkildə qeyd olunur ki, bu qaydalar Milli Məclisin deputatına şamil olunmur. Yəni, hara istəyir gedə bilər.
 
Ona görə də millət vəkili kimi həmin qanunun müvafiq madddəsi ilə deputat olaraq mənim barəmdə cərimələnmək qərarı vermək qanunsuzdur. Onu da qeyd edim ki, qanun Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından üstündür. Bu səbəbdən də mən Daxili İşlər Nazirliyini məhkəməyə verirəm”.
 
Deputat onu da bildirib ki, artıq iddia ərizəsi hazırdır və Nəsimi Rayon Məhkəməsinə müraciət edəcək:
 
“Bu məsələdə geri addım atmaq, güzəştə getmək olmaz. Avropa Məhkəməsinə qədər gedəcəyəm. Mən öz şəxsiyyətimi qoruyan adamam və heç kimə imkan vermərəm ki, mənimlə bu şəkildə davransın. Qanunsuzluq edənlərin hər biri elə qanunla cavablarını alacaqlar. Təzminat kimi 400 min manat tələb edirəm və həmin pulu şəhid ailələrinə bağışlayacağam”.
 
Xatırladaq ki, Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Siyavuş Novruzov DİN tərəfindən 400 manat cərimələnmişdi.


RePost.Az

Baxış sayı: 4169 | Tarix: 11.02.2021
Bizi Telegramda izləyin: @repostaz