Bu gün Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksinə jurnalistlərin media-turu təşkil olunub. 
 
RePost.Az Oxu.Az-a istinadla məlumat verir ki, jurnalistlər Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti ilə yerində tanış olublar. 
 
İnşası 2018-ci ildən aparılan inzibati bina kompleksinin açılışında fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. 
 
Media-tur zamanı Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib ki, səmərəli işləmək üçün bütün imkanların yaradıldığı inzibati bina prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, işin təkmilləşdirilməsi yolunda mühüm əhəmiyyət kəsb etməklə prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılmasına xidmət edir.
 
Altı və dörd mərtəbəli iki inzibati binada Baş prokurorluğun 6 idarəsi və Elm-Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Kompleksin hər biri dörd mərtəbədən ibarət olan 2 tikilisində isə yataqxana və konfrans korpusları yerləşir.
 
İnzibati binada yaradılan 3 iclas zalı və 320 nəfərlik konfrans zalının müxtəlif beynəlxalq tədbirlərin, treninq, seminar, mətbuat konfransları, təqdimatların keçirilməsinə imkan verəcəyini qeyd edən Kənan Zeynalov kompleksin ümumi istifadəyə yararlı sahəsinin 16 600 kvadrat metr əhatə etdiyini qeyd edib.
 
Həmçinin ümumi kompleksin zirzəmi mərtəbəsində xidməti avtomobillər üçün dayanacaq və texniki otaqlar nəzərdə tutulub.
 
Qeyd olundu ki, kompleksin həyətyanı ərazisində yaşıllaşdırma işləri aparılmaqla əməkdaşların işdən sonrakı vaxtlarda bədən tərbiyəsi ilə məşğul olmaları üçün stadion inşa edilib.
 
Jurnalistlər həm də binada yaradılan Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə tanış olublar. 
 
Burada Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin qanunsuz göstərişləri əsasında erməni silahlı birləşmələrinin Azərbaycanın cəbhəyanı və cəbhədən xeyli uzaq məsafədə yerləşən ərazilərdə yaşayan dinc əhalisinə qarşı törətdikləri sülh və insanlıq əleyhinə olan cinayətləri sübut və təsdiq edən raket qurğularının və iri çaplı artilleriya mərmilərinin qalıqlarını müşahidə etmək mümkündür.
 
Qalereyada həmçinin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Şuşa şəhəri və işğaldan azad olunmuş digər ərazilərə olan səfərlərindən, eləcə də Qələbə münasibətilə bağlı 10 dekabr 2020-ci il tarixdə keçirilmiş hərbi paradı əks etdirən fotoşəkillər nümayiş olunub.
 
Həmçinin qalereyada prezident İlham Əliyevin 30 dekabr 2020-ci il tarixli 2404 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmiş prokurorluq orqanları işçilərinin siyahısı yer alıb.
 
Eyni zamanda 44 günlük Vətən müharibəsində iştirak etmiş və cəbhəyanı zonalarda xidmət edərkən fəaliyyətində fərqlənmiş prokurorluq orqanlarının əməkdaşlarının fotoları və onlar barədə məlumatlandırıcı lövhələr də öz əksini tapıb.
 
Azərbaycan Prokurorluğunun keçdiyi bir əsrlik inkişaf yolunu özündə əks etdirən “Qanun keşikçiləri” adlı  bədii sənədli film nümayiş olunub. Dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları arasında mühüm rola malik olan prokurorluq orqanlarının 102 illik fəaliyyətinə qısa səyahət olan bu film onun dünəni və bu gününü əks etdirir.
 
Eyni zamanda Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində “Qarabağ Azərbaycandır” kitabı təqdim olunub. 


RePost.Az

Baxış sayı: 3922 | Tarix: 11.02.2021
Bizi Telegramda izləyin: @repostaz