"İrandan Bakıya gələn həkim təpədən-dırnağa qədər bütün xəstəlikləri müalicə edir. Kiminin göz, kiminin böyrək, ürək, kiminin də ayaq yaralarını, onurğa yırtıqlarını, hepatiti, qaraciyər sirrozunu sağaltdığı iddia olunur. Xəstələrə vurduğu dərmanların tərkibi də bəlli deyil".
RePost.Az bildirir ki, virtualaz.org saytına oxucular tərəfindən daxil olan müraciətdə belə deyilir.
Müraciətdə o da bildirilir ki, Yasamal rayonu, Şərifzadə küçəsi, 160a ünvanda yerləşən "N Med center" lazer klinikasında baş həkim kimi çalışan iranlı həkim Məhəmməd Rza Cavanşirin "möcüzəli" fəaliyyəti bununla bitmirmiş. O, həm də sonsuz ailələrə övlad bəxş edirmiş.
Bəs möcüzələr yaradan bu həkim kimdir? İnternetdə yerləşdirilən reklamlarda Məhəmməd Rza Cavanşir haqqında məlumatlar yer alıb. Qeyd olunur ki, o, Təbriz Azad İslam Tibb Universitetində ali təhsil alıb, oftalmoloq kimi fəaliyyət göstərib. İş təcrübəsində isə Təbrizdə yerləşən bir neçə klinikada uzman həkim kimi çalışdığı yazılır. Azərbaycanda "MediStyle hospital", "Müasir diaqnostika klinikası"nda oftalmoloq, "N Med center" klinikasında isə terapevt kimi fəaliyyət göstərdiyi qeyd edilib. Siyahıda beynəlxalq titullar aldığı, "ilin həkimi" seçildiyi də yazılıb və şəkillər yerləşdirilib. Amma şəkillərdən bəlli olur ki, beynəlxalq mükafat və sertifikatlar uzaq xaricdən, tanınmış universitet və ya klinikalar tərəfindən deyil, bizim adı, işi-gücü bəlli olmayan QHT-lər tərəfindən verilib.
Tibb sahəsində çalışanlara bəllidir - müəyyən kurslar keçməklə ixtisası dəyişmək mümkündür. Amma terapevtin sonsuz diaqnozu qoyulmuş ailələri, ginekoloji xəstəlikləri və ya onurğa yırtıqları kimi xəstəlikləri müalicə etməsi mümkün deyil. Bunun yalnız müştəri toplamağa yönəlmiş hərəkət olduğu güman edilir. Üstəlik, bu xəstəliklər "N Med center" kimi klinikada aparılır. Hansı ki, bu klinika daha çox gözəllik mərkəzi kimi tanınır. Klinikanın sosial şəbəkələrdəki rəsmi səhifəsində arzuolunmaz tüklərdən, üzdəki xal, ləkə və sızanaqlardan qurtulmaq istəyənlər üçün məsləhətlər verilir. Möcüzəli həkim isə, məsələn, onurğa yırtığını, bağırsaq xəstəliyini yalnız özünün istifadə etdiyi, heç kimə bəlli olmayan iynələrlə "müalicə edimiş".
Dəfələrlə mediada, o cümlədən TV kanallarında gen-bol reklam olunan özəl klinikalar tərəfindən gətirilən və yüksək ixtisaslı, tanınmış mütəxəssis, professor kimi təqdim edilən həkimlər arasında öz ölkəsində iş tapa bilməyənlər barəsində danışılıb. Amma onlar Azərbaycanda elə reklam olunur ki, qulaq həkimi ürək, kardioloq isə ginekoloji müayinələr aparmaqdan çəkinmir. İrandan dəvət olunan qulaq-boğaz həkiminin sonsuz ailələrə övlad verdiyini əks etdirən reklamları çoxu xatırlayır.
Bəs Məhəmməd Rza Cavanşirin fəaliyyətində narahatlıq doğuran səbəblər nədir? Bunu araşdırmaq üçün klinikaya müraciət etmək kifayədir.
Biz də xəstə kimi müraciət etdik. Bu sətirlərin müəllifi "8 ildir övlad üzünə həsrət qalan sonsuz qadın", "həyat yoldaşı" isə "sirroz xəstəsi" oldu. "Cavanşir həkim sonsuzluğu tam müalicə edir. Eləcə də sirrozu sağaldır", - həkimin köməkçisi ümid verir. Bunun üçün isə sadəcə olaraq, bir gün əvvəl növbəyə yazılmaq, növbə çatanda hər birimizin müayinəsinə görə 40 manat ödəmək lazımdır. Onu da öyrənirik ki, Cavanşir həkim digər xəstəxana və klinikalarda aparılan analizlərə etibar etmir. Həkim uzun növbə yaranmasına baxmayaraq, bütün analizləri özü tək-tək aparır. Bir həkimin bütün xəstəlikləri sağaltmaq gücündə olması ilə bağlı sualımızı da cavablandırırlar: "Bizim Tibb Universitetini bitirən həkimlərə baxmayın, xaricdə oxuyanlar bütün orqanları müalicə edə bilirlər. Onlara yaxşı təhsil verilir".
Bəs xəstələrin iddia etdiyi kimi həkimin vurduğu dərmanlar nədir? Xəstələrə onun tərkibi haqqında niyə məlumat verilmir? Bu dəfə eşitdiyimiz cavaba isə xeyli gülürük:
"Həkim vurduğu dərmanları açıqlamır, çünki digər həkimlər də öyrənərlər".
Həkimin qəbulunda hər gün onlarla xəstə olur, əksəriyyəti bölgələrdən gələn yaşlılardır. Cəlilabaddan gələn xəstə deyir ki, həkim onun dizinə iynə vurur. "Hər iynəyə 20 manat ödəyirəm, bundan başqa, resept də yazıb", - diz ağrılarından şikayətlənən qadın deyir. Digər xəstədən sağalıb-sağalmadığını soruşuruq. Bəlli olur ki, maddi imkansızlıqdan İrana müalicəyə gedə bilməyən qadına Cavanşir həkimi məsləhət görüblər: "Qonşular dedilər ki, bir həkim var, elə sözü ilə sağalırsan. Sənin dərdinə elə qulaq asır, elə danışır ki, sağalmayacağına şübhə eləmirsən. Hələlik 3 dəfə gəlmişəm".
Xəstələrdən öyrənirik ki, müalicənin arasında fasilə verən, soyuqlayan xəstələrin sağalmasına təminat verilmir. Xəstə sağalmırsa, deməli, ya müalicədən kənara çıxıb, ya da dərmanlar keyfiyyətli olmayıb. Buna görə də, prosedurlar təkrar başlamalıdır.
Klinika həkimin müalicəsinə tam təminat verir, amma növbəmiz çatmadığından, suallarımıza cavab ala bilmirik. Həkimin Azərbaycanda buradan əvvəl çalışdığı digər klinikadan münasibət öyrənə bildik. "MediStyle hospital"dan deyiblər ki, Məhəmməd Rza Cavanşir həkim bu klinikada cəmi 1-2 ay çalışıb. Oftalmoloq kimi işə götürülən həkimin sonradan digər xəstəlikləri müalicə etməsi narazılığa səbəb olub. "Biz bilmirik, reklamlarda niyə bizim klinikanın adı çəkilir. Biz onunla əməkdaşlığımızı məhz bütün xəstəlikləri müalicə etdiyini söyləyəndən sonra dayandırmışıq", - klinikadan söyləyiblər.
Bəllidir ki, xaricdən mütəxəssis dəvət etmək istəyən klinikalar həmin həkimin diplomunu Təhsil Nazirliyinə təqdim etməlidir. Təhsil Nazirliyinin araşdırma və arayışından sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, xüsusilə də Dövlət Miqrasiya Xidmətinə məlumat verilməlidir. Yəqin ki, əlaqədar orqanlar Məhəmməd Rza Cavanşir həkimin bu proseslərdən keçib-keçmədiyini araşdıracaq, iddiaların doğru olub-olmadığını müəyyənləşdirəcək.
RePost.Az