"Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə olunur. Virusa yoluxanların sayı sağalanların sayından iki dəfə çoxdur. Nəzərə alsaq ki, qarşıdan xalqımızın qədim adət-ənənəsi olan Novruz bayramı gəlir, əgər yoluxma statistikası artan tempdə davam edərsə, bu vəziyyət böyük problemlər yarada bilər".
 
Bu sözləri BAKU.WS-ə açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
 
Deputat hesab edir ki, Novruz bayramında insanlarımız bir-birinə qonaq gedir, bayramlaşır və əsasən də yaşlı qohumlar yad olunur:
 
"Belə olan təqdirdə insanlar arasında virusa yoluxma halları daha da arta bilər. Bugünkü statistikanı və Novruz bayramı ərəfəsində adət-ənələri nəzərə alaraq, eyni zamanda ölkədə epidemioloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bir sıra kiçik müddətli məhdudiyyətlər qoyula bilər.
 
Bura Bakı və Abşerona giriş-çıxış məhdudiyyəti, digər rayonlara getməklə bağlı qadağa və bəzi xidmət sahələrinin də kiçik müddətli məhdudiyyətin tətbiqi daxildir. Bu addım virusa yoluxanların qarşısını almaq və ölkədə epidemioloji vəziyyəti nəzarət altına almaq məqsədi daşıyacaq. Təbii ki, bu məsələdə ekspertlərin verdiyi rəylərə Operativ Qərargahda baxılır və yoluxma ilə bağlı mənfi dinamika olarsa, müəyyən qərarlar açıqlanacaq".
 
Millət Vəkili həmçinin deyib ki, koronavirus pandemiyası əslində bütün dünyada var və bəzi ölkələrdə artıq virusun 3-cü, 4-cü dalğası qeydə alınır: "Bir çox ölkələr sərt karantin rejimlərini yenidən tətbiq etməyə başlayıblar. Azərbaycanda da Novruz bayramı ərəfəsində epidemioloji vəziyyət nəzərə alınaraq müəyyən tədbirlər görüləcək. Əslində heç bir dövlət qapanmalarla üzərinə böyük maliyyə yükü götürmək istəməz. Lakin karantin qaydalarının sərtləşdirilməsi, nəticədə yoluxmaların böyük həcmdə azalması ilə nəticlənir.
 
Bu məsələdə digər vacib amil vaksinasiya prosesidir. Azərbaycanda artıq 2021-ci ilin yanvar ayından vaksinasiya prosesinə başlanılıb. Hesab edirəm ki, insanlarımız vaksinləşmə prosesində aktiv iştirak etməli və dövlət hesabına peyvənd olunmalıdırlar. Bu proses nə qədər tez və aktiv reallaşarsa, keçmiş həyatımıza daha tez qayıtmaq şansı əldə edəcəyik.
 
Şəxsən özüm martın 2-də vaksinin birinci dozasını vurdurmuşam və özümü çox yaxşı hiss edirəm. Əslində vaksinasiya prosesinin uğurlu həyata keçməsi gələcəkdə karantin qaydalarının sərtləşdirilməsinin qarşısını da alacaq. Kütləvi immunitet yaranacaq və yoluxma sayı kifayət qədər aşağı olacaq".

Baxış sayı: 4796 | Tarix: 04.03.2021
Bizi Telegramda izləyin: @repostaz