Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsidir.
 
RePost.Az BAKU.TV-yə istinadən xəbər verir ki, hazırda bu məsələ ilə bağlı xeyli sayda məhkəmə qərarları olsa da icrası çətin olur.
 
Çünki əksər hallarda atalar aliment verməkdən imtina edir, müxtəlif üsullarla məhkəmə qərarından boyun qaçırırlar.
 
Körpəli uşaqla işləmək imkanları məhdudlaşan ananın da gəlir və qazancları olmadığı üçün övladına lazım olan vəsaiti xərcləyə bilmir. Belə olan halda isə uşağın təhsilində, sağlamlığında gecikmələr olur.
 
Bir sıra ölkələrdə bu kimi halların qarşısının alınması üçün Aliment Fondu yaradılıb. Belə fondlar tərəfindən vaxtaşırı olaraq boşanan ailələrin övladları üçün vəsait ödənilir. Daha sonra isə fond həmin vəsaiti atadan geri alır.
 
Vəkillər Kollegiyasının üzvü Yusif İsmayılovun sözlərinə görə, Aliment Fondunu elə formada yaratmaq lazımdır ki, işlək olsun.
 
Ekspertlərin fikrincə, bu "İctimai Fond” ola bilməz. Bu, o zaman "İctimai Fond” ola bilər ki, ayrı-ayrı şəxslər könüllü şəkildə bu fonda ianə versinlər.
 
Bizdə isə könüllü ianələrin verilməsi ənənəsi elə də yüksək deyil. İnkişaf etmiş ölkələrin praktikasında alimenti ödəməkdən boyun qaçıran valideynlər məcburi şəkildə psixoloqlara göndərilir ki, niyə alimenti ödəmir, nəyə görə uşağına qarşı laqeyddir. Valideyn psixoloqa getməyəndə azadlıqdan məhrum edilir.
 
Lakin nəzərə almaq lazımdır ki, həbs məsələni həll etmir. Yəni burada bəzi boşluqlar mövcuddur. Bu səbəbdən qanunvericilik təkmilləşdirilməli, işlək mexanizm qurulmalı, düzgün maarifləndirmə aparılmalıdır ki, sonradan xoşagəlməz hallar baş verməsin.
 
Daha ətraflı BAKU.TV-nin süjetində:
 

Baxış sayı: 2763 | Tarix: 11.03.2021
Bizi Telegramda izləyin: @repostaz