Ötən gecədən başlayaraq yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi yolunda avtomobillərin hərəkəti çətinləşib.
RePost.Az-ın APA-nın yerli bürosuna istinadən verdiyi xəbərə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14 kilometrlik Ağsu aşırımının, Muğanlı-İsmayıllı dolaylarının, İsmayıllı-Lahıc-Dəmirçi-Pirqulu-Şamaxı yollarının qarlı olması və qismən buz bağlaması ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşıb.
Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir. Bir neçə avtomobil sürüşərək yoldan kənara çıxıb. Hazırda yolların buzdan təmizlənməsi və nəqliyyat vasitələrinin hərəkətini bərpa etmək üçün bu rayonların ərazisində 40-a yaxın ağır texnika və 100-dən çox işçi çalışır, yollara duz və qum səpilir. Bölgədə xidmət edən yol polisi əməkdaşları bu yolların axşam saatlarında tamamilə buz bağlayacağını və gecə səhərədək avtomobillərin hərəkəti üçün daha təhlükəli olacağını bildirirlər. Onlar sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.
Məlumat üçün bildirək ki, Ağsu aşırımına, Muğanlı-İsmayıllı dolaylarına, Lahıc-Pirqulu yoluna 15 sm, Şamaxı, İsmayıllı, Qəbələ və Ağsunun dağ kəndlərinə isə 20-30 sm, Göyçaya 10 sm qar yağıb. Hazırda yağıntı davam edir. Qar səbəbindən bəzi kəndlərdə elektrik dirəklərinə və naqillərə ziyan dəyib, əhaliyə elektrik və qaz verilişində qısa fasilə yaranıb. Bir neçə tikilinin dam örtüyü qarın ağırlığına tab gətirməyərək uçub. Qarın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər görülür.