Bir neçə gün əvvəl Prezident təqaüdçüsü, balaban ifaçısı, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Nicat Məsimov Səbail rayonunda yerləşən Xaqani bağında olan zaman içərisində qədim balaban alətləri olan çantasını itirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, N.Məsimov yaşı təxminən 100-150 il olan alətlərin tapılması üçün ərazi üzrə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edib.
 
Bölmə əməkdaşlarının həyata keçirdikləri axtarışlar nəticəsində N.Məsimovun çantasını tapan, amma qaytarmaq üçün polis orqanlarına təhvil verməyərək özündə saxlayan şəxs qısa zamanda müəyyən edilib.
 
Onun şəxsiyyəti dəqiqləşdirilib və balabanlar polislər tərəfindən qeyd edilən şəxsdən alınaraq N.Məsimova geri qaytarılıb. N.Məsimov musiqi alətlərinin qısa zamanda tapılaraq ona geri qaytarılmasında göstərdikləri operativliyə və onun müraciətinə belə həssas yanaşdıqlarına görə polis əməkdaşlarına təşəkkürünü bildirib.

Baxış sayı: 4587 | Tarix: 12.03.2021
Bizi Telegramda izləyin: @repostaz