“BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından irəli sürülmüş vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnamənin qəbul edilməsi koronovirus pandemiyası ilə beynəlxalq mübarizəyə ölkəmizin növbəti töhfəsi kimi qiymətləndirilməlidir”.
 
Bunu APA-ya Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirib.
 
Millət vəkili qeyd edib ki, Azərbaycan COVID-19 virusuna qarşı peyvəndin ədalətli bölgüsü və əlçatanlığını təmin etmək məqsədilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan və dəstək verən ölkələrdəndir. Lakin COVAX əldə olunmuş razılaşmanı pozaraq, Azərbaycana peyvəndlərin təqdim olunmasını ləngidir. “Əldə olunmuş razılaşmada nəzərdə tutulan vaxt qrafikinə əməl olunmayıb. Bundan başqa, razılaşdırılmış sayda vaksinin veriləcəyi də sual altındadır. Bu, COVAX-a olan etimadı əsaslı dərəcədə sarsıdır. Xüsusilə də ona görə ki, vaksinlərin bölüşdürülməsində ikili standartlar yol verildiyi müşahidə olunur. Heç bir əsas olmadan ölkələr arasında seçim aparılır, halbuki, koronavirus qlobal miqyaslı bir problemdir”.
 
Soltan Məmmədov bildirib ki, Azərbaycan peyvəndin tətbiqinə ilk başlayan ölkələrdən biri olub. Dövlətin vaxtında gördüyü tədbirlər nəticəsində ölkəyə zəruri sayda peyvəndlərin idxalı təmin olunur: “Bu gün Azərbaycan peyvənd olunanların sayına görə MDB ölkələri içərisində ilk sıralardadır. Proses uğurla gedir. COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması üçün bütün zəruri addımlar atılır. Bu mənada hesab edirəm ki, məhz vaxtında atılmış addımlar sayəsində biz vəziyyətdən çıxa biləcəyik. Artıq 500 mindən çox vətəndaşımız peyvənd olunub. Bu xəstəliyin kütləvi yayılmasının qarşısının alınması baxımından çox ciddi göstəricidir”.
 
Millət vəkili hesab edir ki, BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul olunması Azərbaycanın qlobal əhəmiyyətli məsələlərə məsuliyyətlə yanaşan, ümumbəşəri problemlərin həllinə töhfə verməyə qadir ölkə olduğunu bir daha təsdiqləyir: “Azərbaycan tərəfdaşlarından da eyni dərəcədə məsuliyyətli yanaşma gözləyir. Təəssüf ki, COVAX platformasının son dövrdəki fəaliyyəti ümumilikdə həm də bütün dünyada COVID-19-la mübarizə sahəsidə əməkdaşlığa, qarşılıqlı etimada zərbə vurur”. 

Baxış sayı: 5537 | Tarix: 27.03.2021
Bizi Telegramda izləyin: @repostaz