DÇ-2022-nin Avropa zonası üzrə seçmə qrup mərhələsində II tura start verilib.
 
RePost.Az xəbər verir ki, Türkiyə millisi mübarizə apardığı G qrupunda ikinci matçını keçirib.
 
Üç gün öncə İstanbulda Niderland üzərində 4:2 hesablı qələbə qazanan “ay-ulduzlular” ilk səfər sınağında Norveçlə qarşılaşıb. Şenol Günəşin yetirmələri İspaniyanın Malaqa şəhərində təşkil olunan qarşılaşmadan da 3 xalla ayrılıb.
 
4-cü dəqiqədə Ozan Tufanın erkən qolu ilə hesabda önə çıxan türkiyəlilər fasiləyədək fərqi artırmağa da nail olub. Çağlar Söyüncü 28-ci dəqiqədə fərqlənib. Ozan ikinci hissənin də əvvəlində meydan sahiblərinin qapısına yol tapmağa nail olub. Bununla da Günəşin yetirmələri rəqib meydanında böyükhesabla qalib gəlib - 3:0.
 
İlk iki görüşdə yüksək məhsuldarlıq göstərən “ay-ulduzlular” 7 qol vurduğu qarşılaşmalardan sonra 6 xalla qrup liderliyinə şərikdir. Qrupun bugünkü digər matçlarında Monteneqro Cəbəllütariqi 4:1, Niderland Latviyanı 2:0 hesabı ilə məğlub edib.
 
Qeyd edək ki, Türkiyə millisi qrupda növbəti oyununu martın 30-da İstanbulda Latviyaya qarşı keçirəcək.
 
DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
27 mart
G qrupu, II tur
Norveç - Türkiyə - 0:3
Ozan Tufan, 4, 59, Çağlar Söyüncü, 28
 
Turnir cədvəli: Türkiyə, Monteneqro - 6, Niderland, Norveç – 3, Latviya, Cəbəllütariq – 0.

Baxış sayı: 4967 | Tarix: 27.03.2021
Bizi Telegramda izləyin: @repostaz