Daxili İşlər Nazirliyi (DİN) Gəncədə keçmiş əri tərəfindən döyülən qadının şikayətinə baxılmaması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara münasibət bildirib.
 
Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov RePost.Az-a bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Gəncə şəhər sakini Ləman Namazovanın keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə əlaqədar şikayətinə baxılmaması barədə məlumat dərc edilib: “Vətəndaş Ləman Namazova ötən ilin dekabr ayında Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edərək keçmiş həyat yoldaşı İlham Verdiyev tərəfindən döyülməsi barədə məlumat verib.
 
Müraciət ilə bağlı qanuna müvafiq tədbirlər görülərək araşdırmalar aparılıb və Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılaraq baxılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Araşdırmalar zamanı İlham Verdiyevin daha bir cinayət əməli aşkar edilib. Belə ki, o, Cinayət Məcəlləsinin 157-ci (Mənzil toxunulmazlığını pozma) maddəsi ilə təqsirli bilinib və sözü gedən maddənin prokurorluğun səlahiyyətində olduğu üçün toplanan material Gəncə şəhər Prokurorluğuna göndərilib. Hazırda prokurorluqda cinayət işinin istintaqı yekunlaşaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. Tezliklə vətəndaşın şikayəti barədə məhkəmədə qanuna müvafiq qərar qəbul ediləcək”.

Baxış sayı: 4378 | Tarix: 30.03.2021
Bizi Telegramda izləyin: @repostaz