Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə 3 minə yaxın hərbçimiz şəhidlik zirvəsinə, 1200-dən çox əsgər və zabitimiz isə qazilik şərəfinə yüksəlib. Neçə-neçə oğullarımız müharibəni sağ-salamat, veteran kimi başa vurub.
 
RePost.Az Modern.az-a istinadənla deyir ki, belə qazilərdən biri də Vətən Müharibəsinin qazisi Kamil Səfərlidir.
 
Arayış: Səfərli Kamil Məzahir oğlu 1999-cu il də Tərtər rayonu Cəmilli kəndində anadan olub. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətə başlayıb. Hərbi xidmətini başa vuran ərəfədə Vətən müharibəsi başlayıb və o, döyüşlərə qatılıb.
 
“Ən qaynar döyüş Suqovuşan istiqamətində oldu”
 
- Sentyabrın 26-sı artıq bizə döyüş haqqında məlumat verildi, ayın 27-si xüsusi texnikalarla döyüşə başladıq. Döyüş başlayan gündən oktyabrın 4-ə kimi düşmənin əlində olan 26 postu tutduq. Oktyabrın 4-ü Talış kəndi uğrunda döyüşlər başladı. 2-3 gün müddətində Talış kəndini düşməndən azad etdik.
 
Döyüşdə çox hadisələr baş verdi, dostlarım gözümün qarşısında şəhid oldu. İnsana çox təsir edir, özünə gələ bilmirsən, amma ayaqda durmağa, güclü olmağa çalışırsan. Ən güclü döyüş Suqovuşan istiqamətində oldu. Hava yağıntılı olduğuna görə yer palçıq idi və hərəkətimiz çətinləşmişdi. Çox çətin anlar yaşadıq.
 
“Atamın ürəyi dözmədi, yanıma gəldi”
 
- Sentyabrın 26-sı son dəfə atama zəng etdim və dedim ki, “Ata biz türk qardaşlarımızla təlimlərə başlayırıq, ola bilər ki, günlər-aylar keçər təlimlərdən qayıtmaram, danışa bilmərik , narahat olmayın, özünüzə yaxşı baxın”.
 
Lakin bu zəngimə atam dözməyib hərbi hissəyə yanıma gəldi. Artıq şübhələnmişdi, mən müharibə olacağını gizlətməyə çalışırdım, amma o hiss etmişdi. Atama dedim ki, mən şəhidlik zirvəsinə ucalsam, siz mənim üçün ağlamayın, sevinin ki, oğlunuz o zirvəyə ucaldı.
 
Hər adama şəhidlik, qismət olmur, mənə də qazilik qismət oldu. Hər iki gözümü itirdim. Mən də şəhid olub o müqəddəs zirvəyə ucalmaq istəyirdim, amma istəməklə deyil ki, hər kəsin bir taleyi, qisməti var.
 
“Döyüş xatirələri unudulmazdır”
 
- Müharibə zamanı əsgər qardaşlarınla yağış, qar demədən çiyin-çiyinə vuruşmaq, yeməyin az olsa belə onlarla bölüşmək - bu hissləri ətraflı ifadə etmək çətindir. Döyüş xatirələri hər gün bir anlıq da olsa insanın gözü qarşısına gəlir. Hər gün oturub şəhidlərin xatirəsinə ithaf olunan musiqilərə qulaq asıram. Həmin an döyüşlər gözümün önündə canlanır.
 
Döyüşlər zamanı çox dostumu, qardaşımı itirdim. Dostlarımı itirmək mənim üçün çox çətindir.
 
Sapyor komandirlərinin belə bir sözü var "Əgər sapyor bir səhv edərsə, onunla bərabər mini gedər". Mən özüm getməyə razı idim, çünki min nəfərin içində evli, nişanlı, övladı olanlar var. Məni isə ailəmdən başqa gözləyən yox idi, ona görə heç vaxt qorxmurdum. Sadəcə istəyirdim ki, anamın-atamın yanına üç şərtlə qayıdım: qazi, şəhidlik ya da ki, sağ-salamat. Hamıya sağ-salamat qayıtmaq qismət olmur.
 
“Mən gözlərimi, dostum isə ayağını itirdi”
 
- Əsgər yoldaşım və mən müəyyən silahlar götürmək üçün geri qayıdırdıq, hava çox qaranlıq idi, qəfildən yanımızda mina partladı, mən gözlərimi, dostum isə ayağını itirdi.
 
Partlayş zamanı diz üstə çökdüm üzüm sanki yanırdı, ayaqlarımı da hiss etmirdim, düşündüm ki, artıq ayaqlarımı itirdim. "Allah məni niyə bu günə qoydun?" deyib qışqırırdım. Minanın təsirini hələ də bədənimdən çıxara bilmirəm. Yaralandıqdan sonra məni Naftalana gətirdilər, həkimlər hər şeyin yaxşı olacağını dedilər.

Baxış sayı: 4473 | Tarix: 02.04.2021
Bizi Telegramda izləyin: @repostaz