Şəmkir rayonunda Hüseynov Rəvan Eynur oğlu tanışı Tağıyev Əhliman Kənan oğlunun sosial şəbəkədə olan davaları əsasında, heç bir səbəb olmadan bıçaqlayıb.

RePost.Az-a Şəmkir rayon prokurorluğundan verilən məlumata görə 5 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Tağıyev Əhliman Kənan oğlunun bıçaqlanaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəmkir rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
 
İstintaqla zərərçəkmişin tanışı Hüseynov Rəvan Eynur oğlunun sosial şəbəkədə aralarında baş vermiş mübahisə ilə əlaqədar qeyd edilən tarixdə rayon ərazisində Əhliman Tağıyevlə görüşərək  heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
 
Rəvan Hüseynov Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
 
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
 
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

RePost.Az

Baxış sayı: 5328 | Tarix: 12.04.2021
Bizi Telegramda izləyin: @repostaz