Bakının Yasamal rayonunda plana düşən mənzillərin söküntüsünə başlanılacaq.
BAKU.WS-in əldə etdiyi məlumata görə, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır. Hazırda evlərin sakinləri ilə danışıqlar aparılır.
Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Sakinlər bildirirlər ki, özəl tikinti şirkətinin nümayəndələri onlarla danışıqlar aparıb. Danışıqlarda sakinlərə mənzilin kvadratına görə 1500-3000 manat arası pul təklif olunur.
Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, işləri özəl şirkət həyata keçirəcək. İşlər sakinlərin könüllü razılaşması əsasında həyata keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq sərəncamları və icazələri var.
Qiymətləri həmin özəl şirkət müəyyən edir. Lakin çalışırlar ki, sakinlərə artıq kvadratlı evlərin verilməsinə üstünlük verilir.
Şirkət ailələrlə fərdi qaydada razılaşma əldə edir və müqavilələr də fərdi qaydada bağlanılır. Razılaşmaya görə, ya sakinlərə pul verilir, yaxud da evlərinin yerində yeni binadan mənzillər verilir. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər özəl şirkət tərəfindən ödənilir.
Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir.