Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi olub. 
 
RePost.Az xəbər verir ki, brifinqdə Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva iştirak edib. Konfransda Azərbaycanda COVID-19 virusu ilə bağlı son qərarlar açıqlanıb.
 
"Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq deyə bilərik ki, yoluxmaların sayında mərhələli şəkildə enmə müşahidə olunur. Bu gün bizdə yoluxma əmsalı 10 faizə yaxınlaşır. Bu da çox yaxşı nəticədir", - TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
 
O qeyd edib ki, bugünkü gündə epidemioloji vəziyyət Azərbaycan Respublikasında nəzarət altında saxlanılır və müsbət dinamikamız mövcuddur. 
 
Onun sözlərinə görə, ən çox yeni yoluxma noyabr və dekabr aylarında qeydə alınıb. Bu zaman aparılan testlərdə 30% pozitiv nəticə olub.
 
Yaqut Qarayeva deyib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb. Bundan sonra yoluxma maksimum 2000-2500-ə çadıb.
 
"Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunmaq vasitələrindən imtina etmək və ya inkar etmək mənasını daşımır. Hazırda maska rejimi, sağlam məsafə və digər gigiyenik prosedurların olması məcburidir və mütləqdir", - deyə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev əlavə edib.
 
O, qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyətin tətbiq olunmayacağını açıqlayıb.
 
Teymur Musayev vaksinasiya prosesinin yeni mərhələsinin elan olunacağını da bildirib. Onun sözlərinə görə, may ayının 10-dan etibarən 18 yaşından yuxarı hər kəs könüllü vaksin vurdura bilər.
 

Baxış sayı: 4511 | Tarix: 06.05.2021
Bizi Telegramda izləyin: @repostaz