Daxili İşlər Nazirliyindən Sumqayıt Şəhər Polis İdarəsində çalışan övladına qarşı qanunsuz intizam tənbeh tədbirləri görülməsi barədə vətəndaşın sosial şəbəkələrdə paylaşdığı iddilarına münasibət bildirilib. 
 
Bu barədə RePost.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.
 
O bildirib ki, polis serjantı Nahid Razimlinin atasının iddiları əsassızdır, həqiqəti əks etdirmir:
 
“Atanın övladının hansı əmələ görə cəzalandırılmasından məlumatlı olmasına baxmayaraq, əsassız və qərəzli fikirlər səsləndirməsi anlaşılmır. Atanın iddialarının bütün təfərrüatı tam və hər hərtərəfli araşdırılıb. 
 
N.Razimlinin xidməti fəaliyyəti yoxlanılan zaman yol verdiyi nöqsanlara görə, ona cari ilin mart ayında “xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” intizam tənbehi elan edilib. Lakin o, xidmətində heç bir dönüş yaratmayıb və tam fəaliyyətsiz olması ilə bağlı barəsində aparılan xidməti araşdırmalar bunu sübuta yetirib. Bununla əlaqədar ona dəfələrlə iradlar bildirilsə də, nəticə çıxarmayıb, əməliyyat-axtarış fəaliyyətində məxfiçilik rejimini pozaraq, ciddi qanun pozuntularına yol verib. 
 
Cari ilin may ayının əvvəlində N.Razimlinin atası Natiq İsmayılov Sumqayıt sŞəhər Polis İdarəsinin rəhbərliyi tərəfindən də qəbul edilməklə övladının yol verdiyi nöqsanlar barədə məlumatlandırılıb. Polis rəisi ilə yanaşı, digər rəhbər vəzifəli şəxslə birlikdə qəbul edilən vətəndaşdan pul tələb edilməsi isə tamamilə cəfəngiyyat olmaqla yanaşı, faktsız və sübutsuzdur”.

Baxış sayı: 4340 | Tarix: 17.05.2021
Bizi Telegramda izləyin: @repostaz