Daxili İşlər Nazirliyi Bakıda polis əməkdaşının qətl törətməsilə bağlı məlumat yayıb.
 
Nazirlikdən RePost.Az-a verilən məlumata görə, mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov qısqanclıq zəminində tabel silahından atəş açaraq, tanışı 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qətlə yetirib, özü isə intihara cəhd edib.
 
H.Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir.
 
Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə RePost.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən faktla bağlı Baş Prokurorluğun istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb: “Hazırda Baş Prokurorluğun istintaq idarəsinin, eləcə də Kriminalistika şöbəsinin və Yasamal rayon Prokurorluğunun əməkdaşları hadisə yerindədir”. 
 
G.Səlimzadə onu da qeyd edib ki, bu barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.

Baxış sayı: 4853 | Tarix: 20.05.2021
Bizi Telegramda izləyin: @repostaz