Bakıda alpinistin qarət etdiyi evlərdən bir neçəsinin sahibi məlum olub.
RePost.Az lent.az-a istinadən xəbər verir ki, evi qarət olunan şəxslərin arasında polis generalı Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev də var. Alpinist onun evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayıb.
Onu da qeyd edək ki, S.Mirzəyev hazırda təqaüddədir. Onun oğlu V.Mirzəyev isə hazırda daxili işlər orqanlarında çalışır.
Bundan başqa, alpinistin əməlindən zərərçəkənlərdən biri də Səhiyyə Nazirliyinin sabiq baş infeksionisti Cəlal İsayevdir. Bakı şəhəri, Xətai rayon sakini Cəlal İsayev 2019-cu ildə polisə ərizə ilə müraciət edərək yaşadığı evdən 72 min ABŞ dolları (122000 AZN), 2500 manat pul və 20 min ABŞ dolları (34000 AZN) dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulan alpinist bu oğurluğun onun tərəfindən törədildiyini etiraf edib.
Qeyd edək ki, polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakıdakı hündürmərtəbəli binalarda yerləşən mənzillərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən paytaxt sakinləri - Cavid Süleymanov və Əhməd Əhmədov saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, Cavid Süleymanov oğurluq etməmişdən əvvəl 2016-cı ildə xarici ölkələrdən birində alpinist hazırlayan kurslarda iştirak edib. Həmin kurslarda öyrəndiyi vərdişlər sayəsində isə Cavid Süleymanov hündürmərtəbəli binaların damından özü ilə gətirdiyi kəndir vasitəsi ilə oğurluq edəcəyi mənzillərin eyvanına düşüb. Daha sonra mənzilə daxil olaraq oğurluq hadisələri törədib. Bu şəxs oğurluq etdiyi bütün evlərə eyni yolla daxil olub.
İlkin məlumata görə, saxlanılan şəxslər törətdiyi oğurluq hadisələri zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan vurublar.