Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair bəzi KİV və sosial şəbəkələrdə yayılan məlumatları şərh edib.
 
RePost.Az xəbər verir ki, DGK-nin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
 
Paylaşımda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gömrük orqanlarında hansısa “mənbə”lərə istinadən iyun ayının 15-dən etibarən quru sərhədlərinin açılacağına dair məlumatlar yayımlanıb.
 
"Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, sərhədlərin açılmasına dair qərar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir, hazırda belə bir qərar olmadığından bu kimi məlumatlar kimlərinsə təxəyyülünün məhsuludur. Xatırladaq ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.
 
Media qurumlarına gömrük orqanlarının fəaliyyəti ilə bağlı informasiyalar yayımlayarkən rəsmi məlumatlara istinad etmək tövsiyə olunur", - N. Axundov bildirib.

Baxış sayı: 4967 | Tarix: 07.06.2021
Bizi Telegramda izləyin: @repostaz