Bakı Nəqliyyat Agentliyi yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Xablar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. Söhbət, "Lökbatan” dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasından gedir. Mərkəzin yaradılmasında məqsəd, paytaxtin cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır.
BNA-dan RePost.Az-a verilən məlumata görə, gün ərzində Qaradağ rayonunun qəsəbələrindən və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb.
"Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam isə dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir.
Bununla yanaşı, "Lökbatan” dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxətlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusi ilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün pik vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular.