Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mütəxəssislərindən ibarət monitorinq qrupları Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə nəzarət tədbirlərini davam etdirir.
 
RePost.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
 
Məlumatda həmçinin deyilir ki, bu günə qədər 1 850 obyektdə keçirilən şənlik mərasimlərində monitorinqlər aparılıb. Monitorinqlər zamanı bəzi obyektlərdə sıxlığın normadan artıq olması, tədbirə qatılanların COVID-19 pasportunun olmaması, icaze.gov.az portalına məlumatların düzgün daxil edilməməsi, işçi heyətin fərdi qoruyucu vasitələrlə təmin olunmaması kimi pozuntular qeydə alınıb. İniyədək keçirilən monitorinqlərdə şənliklərdə iştirak edən 225 minə yaxın qonağın müvafiq sənədləri araşdırılıb, onlardan 23 min nəfərdə nöqsanlar aşkar edilib. Nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və yeni ailə quranlara hədiyyələr təqdim olunub.
 
Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, obyekt daxilində fəaliyyət göstərən zallar, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) düzgün daxil edilməldir. Müəyyən edilmiş qaydalara və şərtlərə tam əməl olunmalı, işçi heyətin vaksinləşməsinə və zəruri vasitələrlə (tibbi maska, əlcək və digər fərdi qoruyucu vasitələr) təmin edilməsinə xüsusi diqqət yetirilməlidir. Pandemiya şəraitində qaydalara riayət edək ki, gələcəkdə hər hansı məhdudiyyətlərin tətbiqinə ehtiyac duyulmasın.

Baxış sayı: 4948 | Tarix: 06.08.2021
Bizi Telegramda izləyin: @repostaz