Avqustun 10-u saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Abşeron rayon prokurorluğundan RePost.Az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.