Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş meşə yanğınları ilə mübarizə məqsədilə qardaş ölkəyə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri 16 avqust 2021-ci il tarixindən etibarən hissə-hissə ölkəmizə qayıdıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, quru yolla qardaş ölkədən gələn FHN-in texnika və heyəti artıq Azərbaycan ərazinə daxil olublar.
Belə ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub.
Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb.
Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.
Qeyd edək ki, Türkiyədə baş verən meşə yanğınlarının söndürülməsində FHN-in 743 əməkdaşı yüksək fədakarlıq göstərib.
Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb edilmişdi.