Zorlama və quldurluqda ittiham olunan 1969-cu il təvəllüdlü Zaqatala rayon sakini Qurban Ağaməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
RePost.Az xəbər verir ki, Qurban Ağaməmmədov 22 may 2016-cı il tarixdə, saat 15.30-da sərxoş vəziyyətdə Balakən rayonu Sarıbulaq kəndində yaşayan tanışı Eldar Qurahilova qarşı quldurluq edib. O, ağac parçası götrərək Eldar Qurahilovun yaşadığı evə gedib. O, ağac parçasını Eldarın boğaz nahiyəsinə dirəyərək pul verməsini tələb edib.
 
Eldar Qurahilov pulunun olmadığını deyib və onu kənara itələyib. Bu zaman Qurban Ağaməmmədov bıçaqla Eldarı vurmaq istəyib. Eldar Qurahilov ona müqavimət göstərdiyindən Qurban Ağaməmmədov stolun üstündə olan iyirmi yeddi manat pulu götürməklə kifayətlənib.
 
96 yaşlı qadına qarşı təcavüz
 
Bundan başqa, Qurban Ağaməmmədov həmin gün saat 16 radələrində sərxoş vəziyyətdə özünü Balakən rayon Qaz İstismar İdarəsinin işçisi kimi təqdim edib və qaz sobasını yoxlamaq adı ilə əvvəllər tanımadığı Balakən rayonunun Sarıbulaq kəndində yaşayan, 1920-ci il təvəllüdlü Səmayə Əliyevanın (ad və soyad şərti verilib H. Z.) evinə girib. O, Səmayə Əliyevanın həyat və sağlamlığına ciddi təhlükə törədib. O, yaşlı qadının bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik vurub.
 
Daha sonra o, yaşlı qadından pul tələb edib. Amma Səmayə Əliyeva pulunun olmadığını deyib. Bu zaman onun tələbini yerinə yetirmədikdə digər otaqdan götürdüyü balta ilə Səmayənin üzərinə gedərək ölümlə və sağlamlığına ağır zərər vurma ilə hədələyib. Bundan qorxuya düşən Səmayə Əliyeva 65 manat pulunu ona verib.
 
Bundan sonra Qurban Ağaməmmədov 96 yaşlı qadını zorlamaq qərarına gəlib. O, Səmayə Əliyevanı ölümlə hədələyib. Sonra yaşlı qadının paltarını soyundurub və onu zorlayıb.
 
4 maddəli cinayət işi
 
Qurban Ağaməmmədov Cinayət Məcəlləsinin 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 181.2.2, 181.2.3 və 181.2.5-ci (təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
 
“Mənimlə həbsxanada cəza çəkən Eldarı gördüm”
 
Təqsirləndirilən şəxs qismində ifadə verən Qurban Ağaməmmədov bildirib ki, Zaqatala rayonunun Əliabad kəndində yaşayıb və kiçik sahibkarlıqla məşğul olub:
 
“14 yanvar 1994-cü il tarixdə qəsdlə adam öldürməyə görə 14 il müddətinə azadlıqdan məhrum edilmişəm. 14 aprel 2006-cı il tarixdə oğurluq cinayətləri törətdiyimə görə yenidən 5 il 6 ay azadlıqdan mərhum edilmişəm və 3 avqust 2011-ci il tarixdə azadlığa çıxmışam. 2016-cı ilin əvvəlindən Tərtər rayon sakinlərindən aldığım meyvə ağaçlarını Zaqatala və Balakən rayonlarında satmışam. Xatırlamadığım günlərin birində Balakən rayon bazarında olduğum zaman əvvəllər mənimlə həbsxanada cəza çəkmiş Eldar Qurahilovu gördüm. Eldar Qurahilov Balakən rayon bazarında pulla araba sürərək camaatın yükünü daşımışdı. Biz salamlaşaraq görüşdük.
Həmin vaxtdan sonra Eldar Qurahilovu görməmişəm”.
 
Qurban Ağaməmmədov bildirib ki, həmin gün günorta saatlarında Balakən şəhərində kafelərin birində çörək yediyi zaman spirtli içki qəbul edib: “Balakən rayonunun Sarıbulaq kəndinə getmək üçün yolda marşrut avtobusuna mindiyim zaman Eldar Qurahilovu həmin mikroavtobusda gördüm. Yol gedərkən “Pərişanın döngəsi” adlı yerə çatdıqları zaman Eldar Qurahilova həmin yerdə olan kafedə pivə içməyi təklif etdim. Mikroavtobusdan düşərək həmin kafeyə getdik. Orada iki bakal pivə sifariş verdik. Pivə isti olduğundan öz payımı Eldar Qurahilova verdim. Eldar Qurahilov məni evinə dəvət etdi. Mən də işimin olduğunu bildirdim. Bu zaman Eldar Qurahilov cibindən pul çıxartdı. Eldarın cibində təxminən 13-14 manat olub. Eldar Qurahilov pulunu sayaraq cibində 27 manat pulunun olmalı olduğunu bildirərək məndən pul tələb etdi. Eldar Qurahilov pulunu mənim götürdüyümü bildirdi. Eldar Qurahilova kafedə olduğumuz zaman hesabı mənim verdiyimi, pulunu götürmədiyimi dedim. Bu zaman aramızda mübahisə yarandı. Birdən Eldarın əlində bıçaq olmasını gördüm. Eldar Qurahilov bıçağı mənə tərəf fırlatdı. Bu zaman bıçağın uc hissəsindən tutaraq tiyəsini qırdım. Eldar Qurahilov gördü ki, mənə heç nə edə bilmir, ona görə də “bax sənə neyləyəcəm” deyərək oradan uzaqlaşdı”.
 
“Yaşlı qadın qışqırmağa başladı”
 
Qurban Ağaməmmədov qeyd edib ki, Eldar Qurahilov gedəndən sonra bir qədər yolda dayanıb: “Bu zaman yolun kənarında olan əvvəllər tanımadığım həyət darvazasından içəri baxdıqda orada heç kimin olmadığını gördüm. Həmin həyətə girdikdə orada heç kim olmayıb. Evə daxil olub otaqların birinə keçərək pul axtarmağa başladım. Otaqda qapının yanından baltanı götürərək sandığı qırdım. Lakin sandıqda heç nə tapa bilmədim. Həmin otaqda çarpayının üstündə olan paltarları yoxlayanda 15 manat tapdım. Təxminən 1-2 dəqiqədən sonra qapının səsi gəldi. Bu zaman yaşlı bir qadın evə daxil oldu, məni görərək qışqırmağa başladı”.
 
Təqsirləndirilən şəxs bildirib ki, həmin yaşlı qadına özünü Qaz İstismar İdarəsinin işçisi kimi təqdim edib və narahat olmamasını deyib: “Həmin yaşlı qadın dedi ki, əgər qaz pulu yığansansa, çekimi ver. Bundan sonra həmin yaşlı qadın əlimdə olan 15 manat pulu gördü və məndən pulunu tələb etdi. Mən də otağın pəncərəsini bağladım və həmin yaşlı qadını dartaraq çarpayının üstünə yıxdım. Bundan sonra cəld həmin evi tərk etdim, həmin yerdən qaçaraq uzaqlaşdım. Yoldan keçən “VAZ-2106” markalı taksini saxlatdım və Balakən şəhərinə getdim. Bundan sonra Balakən şəhərindən Zaqatala rayonuna gedən VAZ-2106 markalı taksiyə minərək Zaqatala şəhərinə, oradan da yaşadığım Əliabad kəndinə getdim. Mayın 23-də İrana getmək məqsədi ilə yola çıxdım, amma sərhəddə saxlanıldım. Bildirildi ki, Balakən rayon polis şöbəsi məni axtarışa verib. Bundan sonra telefonla əvvəllər tanıdığım Səfər Sahibova zəng etdim. Bildirdim ki, onun qonşuluğunda olan evi yarmışam. Səfər Sahibov da dedi ki, 10 dəqiqəyə zəng edəcək. Təxminən 10 dəqiqədən sonra Səfər Sahibov zəng edərək məndən nə etdiyimi soruşdu. Mən də Səfər Sahibova törətdiyim konkret cinayət əməlini bildirdim. Bundan sonra polis əməkdaşları məni Balakən rayon polis şöbəsinə gətirdilər”.
 
“Məni buraxmasını istədim”
 
Zərərçəkmiş şəxs qismində ifadə verən Səmayə Əliyeva bildirib ki, evdə tək yaşasa da, qızları ona tez-tez baş çəkirlər: “Mayın 22-də qızım Vəfa (ad şərti verilib) günorta saatlarında məni görməyə gəldi. Yanımda bir qədər oturduqdan sonra getdi. Qızım getdikdən sonra evdə tək qaldım. Bundan sonra həyətə tanımadığım bir nəfər gəldi. Həmin şəxs mənə yaxınlaşaraq Qaz İstismar İdarəsinin işçisi olduğunu, qaza baxmaq istədiyini bildirdi. Həmin şəxsi tanımadığım üçün evə buraxmaq istəmədim. Lakin həmin şəxs içəri girərək qaz sobasına baxdı. Bundan sonra məndən pul istədi. Pulumun olmadığını dedim. Həmin şəxs evin qapı və pəncərələrini bağlayaraq boğazımdan tutdu və yerə yıxdı. Bu zaman başım yerə dəydi, həmin şəxsdən məni rahat buraxmasını istədim”.
 
Səmayə Əliyeva qeyd edib ki, həmin şəxs evin digər otaqlarına baxmağa başlayıb: “O, digər otaqda olan baltanı götürdü və üzərimə gələrək baltanı boğazıma dirədi, yenidən pul istədi. Həmin şəxs otaqda olan bütün əşyaları dağıtdı, otaqda olan iki sandığın qıfıllarını balta ilə sındıraraq içərilərində olan əşyaları yoxladı. Lakin heç nə tapa bilmədi. Cibimdə olan on beş manat pulu həmin şəxsə verərək, getməsini xahiş etdim. Bundan sonra həmin şəxs boğazımdan tutaraq məni çarpayının üstünə yıxdı”.
 
Zərərçəkmiş şəxsin sözlərinə görə, həmin şəxs onun əynində olan paltarlarını çıxardıb. Yaşlı qadın deyib ki, evinə girən şəxs zorla onunla cinsi əlaqədə olub: “Həmin şəxs mənimlə cinsi əlaqədə olandan sonra digər otağa keçdi. Bu zaman zorla ayağa qalxdım və həyətə düşərək qonşu tərəfə qaçdım və qonşum Səfər Sahibovu çağırdım. Bundan sonra Səfər Sahibov həyat yoldaşı ilə birlikdə gəldi. Həmin vaxt artıq tanımadığım şəxs getmişdi. Evə baxdıqda yan otaqda çarpayının yastığının altında olan 50 manat pulumun orada olmadığını gördüm. Daha sonra qonşular baş vermiş hadisə ilə bağlı uşaqlarıma və polisə məlumat verdilər”.
 
13 il 6 ay cəza
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qurban Ağaməmmədov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.
 
Qurban Ağaməmmədovun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
 
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Qurban Ağaməmmədovun şikayəti təmin edilməyib. (Teleqraf.com)

Baxış sayı: 3998 | Tarix: 22.02.2017
Bizi Telegramda izləyin: @repostaz