Ölkəmizdə orqan alveri qadağan olunsa da, bəzi hallarda vətəndaşlar gizli şəkildə bədən üzvlərini sataraq qanunları pozmuş olurlar.
 
APA TV-nin məlumatına görə, belə şəxslərdən biri də soyadı şərti olan Elvin İmanovdur. O iddia edir ki, bir böyrəyini Hüseyn adlı şəxsə 30 min manata satıb və bu məbləğin 20 min manatını ala bilmir. 35 yaşlı Elvinin sözlərinə görə, böyrəyi oğlu Fazil üçün alan Hüseyn adlı şəxs ona puldan əlavə ev və avtomobil də söz verib.
 
Həmsöhbətimiz deyir ki, İran İslam Respublikasında baş tutan əməliyyatdan sonra pulunun 3/2 hissəsini hələ də ala bilmir: “30 min manatdan biz razılaşdıq. Mən başa düşdüm ki, bu imkanlı şəxsdir, ona görə razı oldum. Dedi ki, bundan əlavə sənə jurnalistlər binasının yanında ev, avtomobil verəcəyəm və səni özümə sürücü götürəcəyəm. Çünki hər ikimiz bilirdik ki, bir böyrəyimi itirəndən sonra mənim əmək qabiliyyətim itəcək”.
 
Bir böyrəyini satdıqdan sonra səhhətində kəskin problemlər yarandığını bildirən müsahibimiz deyir ki, hazırda işsizdir və tək ümid yeri böyrəyinə görə alacağı məbləğdir: “Hazırda məndə qanda kreatin yüksək olduğuna görə qanımda zəhərlənmə gedir və beləcə tək böyrəyim də sıradan çıxır. Mən hazırda bundan, Hüseyndən yerdə qalan məbləği, 20 min manatımı istəyirəm, tələb edirəm. Çünki mən pislik etməmişəm, yaxşılıq etmişəm. Mənim külli miqdarda borclarım var. Müalicə olunmalıyam və bundan əlavə də kirayədə qalıram”.
 
Araşdırmamız nəticəsində məlum oldu ki, oğluna böyrək almaqda adı keçən Hüseyn adlı şəxs əvvəllər müxtəlif vaxtlarda Səbail Rayon İcra hakimiyyətinin müavini, Binəqədi rayonunun icra başçısı və digər vəzifələrdə çalışmış Hüseyn Hüseynovdur.
 
Qarşı tərəfin mövqeyini öyrənmək üçün sabiq icra başçısı ilə əlaqə saxladıq. Hüseyn Hüseynov bildirdi ki, oğluna aldığı böyrəyə görə tələb olunan məbləği artıqlaması ilə ödəyib və Elvin adlı şəxsin 20 min manatlıq iddiası onun sürücü işinə düzəlmək sevdasından qaynaqlanır: “Bulvarda saatın yanında bir çayçı var. Həmişə də söhbətimiz orda olub. Orda görüşdük. Bunun nə kəm-kəsiri var idi, verdim. O, orda dedi ki, məni özünə sürücü götür. Dedim ki, qardaş, mən səni özümə sürücü götürə bilmərəm. Amma dostlardan bununla bağlı maraqlanaram. Kimə dedimsə, buna iş barəsində yiyə duran olmadı”.
 
Sabiq icra başçısı deyir ki, sürücü kimi iş tapa bilməyən Elvin ondan avtomobil almasını istəyib: “Sonra dedi ki, mənə 8 min manata bir avtomobil al, taksi kimi işləyim. Mən bu 8 minin 5 minini notarial qaydada verdim. 3 min manatını da gəldi həmin çayçıda verdim ona. Sonra dedi ki, bəs maşının qiyməti 12 min manatdır. Sonra getdi Binəqədidə tikinti materialları dükanım var. Göndərdim ora. Getdi 3 min manat da oradan götürdü”.
 
Kimin haqlı, kimin haqsız olduğunu bilməsək də, ortada bir həqiqət var. Orqan alveri. Bu isə qanunları çeynəməkdir. Həm orqanı alan üçün, həm də satan üçün...
 
Norma Hüquq Mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirir ki, orqan transplantasiyası və orqanların köçürülməsi Azərbaycan Respublikasında qəbul olunmuş qanuna və Nazirlə Kabinetinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir: “Orqan transplantasiyası üçün müvafiq xəstəxanaların, müvafiq klinikaların yerləri müəyyən edilib. Amma bu klinikalardan kənarda bu işi həyata keçirmək və pul ödənişləri müqabilində qanundan kənar yollarla orqan satmaq Azərbaycan Respublikasının Cinayət məcəlləsində müvafiq olaraq məsuliyyətə səbəb olur. Qanunsuz orqan alveri, bədən üzvlərinin satışı və şəxsi orqan transplantasiyasına məcburetmə hallarında vətəndaş cinayət məcəlləsinə uyğun olaraq 3 ildən 5 ilə kimi azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər”.
 
Hüquqşünas bildirir ki, hər hansı bir məsələ ilə bağlı etibardan sui-istifadə etmə, aldatma dələduzluq hesab olunur və bunu edən şəxslər Cinayət məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır.

Baxış sayı: 4150 | Tarix: 03.09.2021
Bizi Telegramda izləyin: @repostaz