Bakı Tehranın mümkün təxribatlarına qarşı hazırlaşır: İrandan XİN sözçüsü səviyyəsində “qardaşlıq” sözləri səslənsə də, praktiki fəaliyyət hərbi istiqamətdə davam edir. Və iki təxribat cəbhəsi var. 
 
Dövlət sərhədi: “xeybər fatehləri” təlimləri Azərbaycanla sərhəddə qoşunların dislokasiya edilməsi məqsədi daşıyırdı. Bir neçə məqam bunu təsdiq edir.
 
Birincisi, İranın Nizam Qüvvələrinin komandanı, general-mayor Hüseyn Əştərinin “Azərbaycanla sərhəddə yeni qüvvələr və hərbi texnika göndərdik” açıqlamasıdır;
 
İkincisi, İran parlamentinin Təhlükəsizlik Komitəsi üzvlərinin Azərbaycanla sərhəddə 3 günlük ezam olunmasıdır: ezam olunanlar sərhəddə hərbi qüvvələrin yerləşdirilməsini araşdıracaq, “xeybər fatehləri” təlimi ilə bağlı hesabat hazırlayacaq;
 
İstisna deyil ki, İran “əzələ nümayiş” etdirməklə yanaşı, həm də ordunun mümkün əməliyyatlara hazırlıq vəziyyətini yoxlayır.
 
İranın siyasi və hərbi rəhbərliyi də Bakıya qarşı ittihamlarını sərtləşdirir:
 
XİN sözçüsü Səid Xətibzadə “qardaşlıq mesajı” ilə yanaşı, “İsrailin mövcudluğu ilə bağlı” iddiasını yenidən gündəmə gətirir və “Tehran öz təhlükəsizliyi ilə bağlı zarafat etmir” deyir, bununla bağlı Bakıya məlumat verdiklərini açıqlayır.
 
İran XİN rəhbəri Abdullahian isə “Al Menar” kanalına müsahibəsində “İsrailin varlığı ilə bağlı Azərbaycan rəsmilərinə xəbərdarlıq etdik” deyə bildirib.
 
İran öz iddialarını sübut edəcək hansısa məlumatı həqiqətənmi Bakıya verib?
 
Rəsmi Bakı müxtəlif səviyyələrdə Tehrana iddialarının arqumentini təqdim etmək çağırışı edib, lakin indiyə qədər İran tərəfi “qaranlıq otaqda qara pişik axtarmaq” prinsipi ilə dediklərini təkrarlayır. Dövlət Sərhəd Xidmətinin sonuncu açıqlaması da göstərir ki, İran tərəfindən irəli sürülən iddialarla bağlı Azərbaycana hansısa məlumat verilməyib. Tehran sadəcə danışır və gərginliyin davam etməsində, hətta yüksəlməsində maraqlı tərəf kimi çıxış edir.
 
Abdullahianın Bakıya səfəri də əslində gərginliyin azalmasından daha çox, “xəbərdarlıq” xarakteri daşıyacaq. Və səfərdən sonra İran “xəbərdarlığımızı etmişdik, məsuliyyəti biz daşımırıq” bəhanəsi ilə bölgədə olmayan hansısa “terrorçulara” qarşı hərbi təxribatlara gedə bilər.
DSX-nın İran tərəfinə rəsmi cavabında “Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraq­larına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır” qeydi bu kontekstdə təsadüfi deyil: Bakı mümkün təxribatları istisna etmir və buna qarşı hazırlığını görür;
 
Xəzər dənizi: Azərbayan Xəzərdə hərbi təlimlərə başlayır (11-13 oktyabr): məqsəd enerji infrastukrutunun müdafiəsidir; HDQ bu məqsədli təlimləri zaman-zaman keçirir, lakin regiondakı siyasi situasiya fonunda “enerji infrastrukturunun müdafiə edilməsi” zərurəti iki qat artıb;
 
Ötən həftə İran donanmasının admiralı Əlirza Tangsiri belə bir açıqlama vermişdi: “İran dəniz qüvvələri daha ayıq olmalı və hər an hərbi əməliyyata hazır olmalıdır. Düşmənlərimiz zəifdirlər, amma onları dəyərləndirməmək də olmaz”.
 
Bu gərginlik fonunda Azərbaycanın enerji infrastukrutunun müdafiəsini gücləndirilməsini Bakının Xəzərdə mümkün təxribatlara qarşı hazırlığı kimi qiymətləndirmək olar.
 
Xəzər konvensiyasını təsdiq etməyən İrana dənizdə də gərginlik sərf edir.

Baxış sayı: 4302 | Tarix: 12.10.2021
Bizi Telegramda izləyin: @repostaz