Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına gələrək ona təkrar əlillik təyin edilmədiyinə görə narazılıq bildirən Bakı şəhər sakini Miriyeva Dilarə Qəzənfər qızı əslində əlil olmadığı halda 6 ildə dövlətdən pensiya formasında 12 800 manat (sonuncu aylıq məbləği 260 manat) vəsait əldə edib.
RePost.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, 2021-ci ilin iyunun 9-da əlillik müddəti bitən D.Miriyeva barədə tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilən göndəriş (forma 88) əsasında onun əlilliyi təkrar qiymətləndirilib.
Göndərişdəki diaqnozun əlillik təyinatına əsas vermədiyi müəyyən olunub və əlillik təyin edilməyib.
Bununla razılaşmayan D.Miriyevanın müraciəti nəzərə alınaraq oktyabrın 7-də həkim-ekspertlər tərəfindən onun əyani müayinəsi aparılıb. Lakin müayinə zamanı da D.Miriyevanın hazırkı vəziyyətinin əlillik səviyyəsində olmadığı bir daha təsdiqini tapıb və əlillik təyinatından imtina edilməsinə dair qərar qüvvədə saxlanılıb.
Belə olan halda D.Miriyeva sağlamlıq vəziyyəti əlillik təyin olunmasına əsas yaratmasa da, ona əlillik və pensiya təyin edilməsini tələb etməyə başlayıb.
Nazirlik qarşısında ətrafı yandırmaq cəhdinə isə hüquqi qiymət veriləcək.