İmişli rayonunda 14 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumatla bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb.
RePost.Az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb:
“Azyaşlının valideynləri də polis şöbəsinə dəvət olunub, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin azyaşlının qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq”.
Xatırladaq ki, İmişlidə azyaşlının nişanlanması ilə bağlı məlumatlar yayılıb. Yanvarda toyu olacaq 14 yaşlı qızın ailəsi ilə danışıqlar aparılıb. Yayılan məlumatlar əsasında aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülərək, keçiriləcək toy mərasiminin qarşısı alınıb.