Ekoloji təmiz avtomobillərin idxalını artırmaq və belə avtomobillərdən istifadəni təşviq etmək məqsədilə yeni güzəştlər paketi hazırlanır. Bu paketdə bu növ avtomobillərin sahiblərinə bir sıra güzəştlərin edilməsi nəzərdə tutulub. Güzəştlər və yeniliklər nədən ibarət olacaq?
Bu təkliflər yeni təsdiq edilən "Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi"ndə öz əksini tapıb.
Dövlət Gömrük Komitəsinin şöbə müdiri Rövşən Namazov ''Xəzər Xəbər''ə bildirib ki, ekoloji təmiz olan avtomobillərin sahiblərini gözləyən yeniliklər bununla bitmir.
İşçi qrupuna belə nəqliyyat vasitələrinin ölkəmizdə rahat istifadəsi üçün infrastrukturun qurulması ilə bağlı təkliflərin hazırlanması da tapşırılıb. Bu avtomobillərin enerji ilə təminatı problemini həll etmək üçün parklanma yerlərində enerjidoldurucularının quraşdırılması planlaşdırılır.
Qeyd edək ki, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerjidoldurucu qurğuların idxalı və satışı bu ildən 3 il müddətinə ƏDV-dən azad olunub. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı da bu ildən 3 il müddətinə ƏDV-dən azaddır.