Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə olan beş azyaşlı uşaq hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilib.
Bu barədə RePost.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib.
Onun sözlərinə görə, uşaqlarla bağlı aparılan reabilitasiya işləri yekunlaşdıqdan sonra qiymətləndirmə əsasında uşaqların rifahı ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq qərarlar veriləcək.
O qeyd edib ki, ana da Sosial Xidmətlər Agentliyinin Şamaxı rayonunda fəaliyyət göstərən müəssisəsində reabilitasiya prosesinə cəlb olunub.
"Əlavə edək ki, dəfələrlə müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən uşaqlara yardımlar göstərilsə də onların dövlət himayəsinə verilməsinə ana qəti şəkildə etiraz edib.
Nəticədə uşaqlar valideyn laqeydliyi səbəbindən baxımsız vəziyyətə düşməklə bərabər təhsildən də yayınıblar.
Əlavə məlumat olaraq bildiririk ki, 2019-cu ildə ananın Şamaxı Şəhər İcra Hakimiyyətinə edilən müraciəti əsasında, ailənin sosial vəziyyətinin ağır olması, eləcə də ananın uşaqların yeganə himayəçisi olduğu nəzərə alınaraq ailə fərdi yaşayış evi və işlə təmin olunmuşdur. Lakin göstərilən dəstəyə baxmayaraq valideyn uşaqlara qarşı məsuliyyətsiz yanaşmanı davam etdirmişdir", - T.Mərdanoğlu bildirib.