"Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan dövri təmir işləri ilə əlaqədar bir çox qurğuların fəaliyyəti dayandırılacaq. Dövri təmir işləri adətən bir ay və bir aydan bir az çox davam edə bilər. Ölkəmizdə benzin istehsal edən qurğular işləmədiyindən bu yanacağın idxalına müəyyən miqdarda ehtiyac yarana bilər. Buna görə də hökümət benzinin idxalı üçün daha əlverişli imkanlar yaradır".
 
RePost.Az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə müsahibəsində "Aİ-92" markalı benzinin gömrük rüsumundan azad edilməsi ilə bağlı məsələni şərh edən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
 
Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda mütəmadi olaraq təmir və sazlama işləri aparılır: "İldə bir dəfə olmaqla zavodun bir çox qurğularının fəaliyyəti müvəqqəti dayandırılır. Dövri təmir işləri adətən bir ay və daha çox davam edə bilər".
 
SOCAR rəsmisi bildirdi ki, ötən il dövri təmir işləri bəzi optimalaşdırmaya görə aparılmadı.
 
"Bu il isə zavod artıq Avro-5 standartlarına cavab verən dizel yanacağının istehsalına başlamağa hazırlaşır. Bu baş verməmişdən əvvəl müvafiq qurğuların işə salınması üçün zavodun işi dayandırılmalıdır. Dövri təmir və sazlama işləri də aparılmalıdır. İlin birinci yarısında bu işlər həyata keçiriləcək",- deyə İbrahim Əhmədov qeyd edib.
 
İbrahim Əhmədov onu da bildirib ki, zavodda təmir işləri aparılmasına baxmayaraq, dizelin idxalına adətən ehtiyac yaranmır.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi dəyişikliyə görə, Azərbaycana idxal edilən "Aİ-92" və ya daha çox, həmçinin "Aİ-95"dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15 faizdən 0 faizə endirilib. Nazirlər Kabinetinin digər qərarı ilə "Aİ-92" markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu qərar 2022-cu il 1 fevral tarixindən tətbiq olunacaq və iyunun 1-dək qüvvədə qalacaq.

Baxış sayı: 7133 | Tarix: 31.01.2022
Bizi Telegramda izləyin: @repostaz