“Şuşa Bəyannaməsi dövlətlərin bir-biri ilə yalnız strateji maraqlarını əks etdirən sənəd olmayıb, şəhidlərin canı və qanından yoğurulan hərbi-siyasi, ordu müqaviləsidir”.
RePost.Az-ın məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Z. Oruc deyib ki, sənəd bir dövlətə hücum zamanı ikinci dövlətin onun müdafiəsinə qoşulacağını təsbit etməklə, təkcə bizim bölgəmizə deyil, eləcə də təhlükə yaranarsa, Azərbaycan ordu qüvvələrinin Türkiyə sərhədlərinin keşiyini çəkməyə hazır olduğunu nəzərdə tutur: “Şuşa Bəyannaməsini imzalamaqla, Prezident İlham Əliyev Qarabağı əsrlər boyu savaş meydanı kimi saxlamağa yox, təhlükəsizlik və sabitlik ünvanına çevirməyə hədəfləndiyini dünyaya nümayiş etdirir. Bu, Qarabağın sabitlik və sülh ünvanı olması, Azərbaycanın təhlükəsizliyinin ayrılmaz hissəsi olmaqla yanaşı, Cənubi Qafqazda və yaşadığımız qitədə sülhə təminat verən ən böyük aktdır. Ona görə də bəyannaməni 3-cü ölkələrə qarşı yönəltmək, onu region dövlətlərinə qarşı ərazi iddiası kimi xarakterizə etmək yanlışdır”.
Z. Oruc vurğulayıb ki, Şuşa Bəyannaməsinin bütün müddəaları regionda sülhü və təhlükəsizliyi gücləndirməyə xidmət edir: “Şuşa Bəyannaməsi Qarabağda sülh içində yaşamaq istəyən bütün xalqlara təhlükəsizlik təminatı deməkdir. Bu razılaşma bütün dövrlər üçün qüvvədədir”.//APA