“Azərbaycanın elm tarixi salnaməsində 1945-ci ildə yaradılmış Elmlər Akademiyası mühüm yer tutur. Elmlər Akademiyası həmin dövrdəki elmi elitanı birləşdirərək, Azərbaycan elminin mərkəzinə çevrildi. Akademiya tarixən formalaşmış elmi ənənələri davam etdirməklə bərabər, prioritet elmi istiqamətləri də inkişaf etdirdi”.
 
Bunu APA-ya açıqlamasında AMEA Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov bildirib.
 
Onun sözlərinə görə, Ramiz Mehdiyevin 2019-cu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi ilə akademiya tarixinin ən uğursuz dövrünə qədəm qoyub:
 
“Ramiz Mehdiyev bu vəzifəyə gələndə belə təsəvvür var idi ki, o, Azərbaycan elminin təşkili və yeni nailiyyətlər əldə edilməsinə mühüm töhfələr verəcək. Təəssüf ki, hər şey gözlənilənlərin əksinə oldu. Akademiya elmin müasir inkişaf tendensiyalarına uyğun olaraq, yenidən təşkilatlanmadı, əksinə bürokratikləşdirilməyə başlandı. Ən əsası isə akademiya elminin idarə edilməsi sahəsində səriştəsizlik göstərildi”, - deyə Kərim Şükürov bildirib.
 
Tarix İnstitutunun baş direktorunun sözlərinə görə, Ramiz Mehdiyev AMEA-nı elə bir ümidsiz vəziyyətə gətirib ki, gənclər arasında elmə maraq azalıb, doktorantura və dissertanturaya müəyyən edilmiş yerlərin əksəriyyəti boş qalır:
 
“Bütün bunlar göstərir ki, Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsində qalmasına dair inam boşa çıxıb. Ən doğru yol onun rəhbərlik etdiyi akademiya sisteminin böhranının daha da dərinləşməsinə yol verməməsi, tutduğu vəzifəni tərk etməsidir”, - deyə institutun baş direktoru vurğulayıb.

Baxış sayı: 4853 | Tarix: 01.02.2022
Bizi Telegramda izləyin: @repostaz