Azərsu” ASC-nin 4 nömrəli Regional Sukanal İdarəsinin “İmişli Sukanal” Sahəsinin əməkdaşı abonentin kobud rəftarı və fiziki təzyiqlərə məruz qalıb.
 
“Azərsu” ASC-dən verilən məlumata əsasən, İmişli şəhəri Sevil Qazıyeva küçəsi ev 6 ünvanında Taleh Zeynalov adlı abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib.
 
“Sudan İstifadə Qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “İmişli Sukanal” Sahəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini bir daha izah ediblər. Lakin abonent “İmişli Sukanal” Sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun mühəndisi Məhərrəmov Mustafa Umud oğlu ilə aqressiv davranaraq onu təhqir edib, fiziki təzyiq göstərib.
 
Baş vermiş hadisə “İmişli Sukanal” Sahəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, M.Məhərrəmov tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün İmişli Rayon Polis Şöbəsinə müraciət olunub.
 
“Azərsu” ASC vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə, “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
 
Qeyd edək ki, bir müddət bundan əvvəl də “Azərsu”nun əməkdaşı iş başında döyülmüşdü.


Baxış sayı: 5328 | Tarix: 14.02.2022
Bizi Telegramda izləyin: @repostaz