"Belə bir fakt olub. Dünən axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində yol-hərəkəti qaydasını kobud şəkildə pozmaqla qəza şəraiti yaradan avtomobil hərəkətin təhlükəsizliyinə nəzarəti həyata keçirən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb".
RePost.Az-ın məlumatına görə, bu sözlər sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı DİN-in mətbuat xidmətdən verilən məlumatda əksini tapıb. Məlumatda sabiq nazirin maşınının cərimə meydançasına aparılmasına aydınlıq gətirilib:
“Avtomobili idarə edən Tofiq Zülfüqarovun təqdim etdiyi sənədlər yoxlanılarkən məlum olub ki, onun cəriməsi ödənilməyən 3 elektron protokolu var. Avtomobil sahibi qeydiyyatda olduğu ünvanı düzgün qeyd etdirmədiyindən ona göndərilən protokollar poçt vasitəsi ilə yenidən DYPŞ-nə qaytarılırmış. Belə olan halda müvafiq araşdırmaya zərurət yaranır. Lakin Tofiq müəllim tək olmadığı və tələsdiyi üçün araşdırmanın başa çatmasını gözləməyib. Yol polisləri də onu başqa bir maşına əyləşdirərək yola salıblar, avtomobilini isə araşdırmalar başa çatana qədər duracağa yerləşdiriblər. Artıq araşdırma yekunlaşıb, Tofiq müəllim ödənilməyən cərimələrini ödədikdən sonra istədiyi vaxt gəlib avtomobilini duracaqdan götürə bilər”.
Qeyd edək ki, bu gün Tofiq Zülfüqarov avtomobilinin cərimə meydançasına aparılması ilə bağlı xəbər yayıb. Sabiq nazir bildirib ki, 10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədiyi üçün cəzalandırılıb. Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili isə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.
RePost.Az