Milli Məclisin bu gün keçirilən iclasında iki rayonun ləğv edilməsi ilə bağlı məsələ müzakirə edilib.
 
RePost.Az xəbər verir ki, iclasın gündəliyinə "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.
 
Məlumat verilib ki, "Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.
 
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.
 
Müzakirələrin sonunda hər iki qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Baxış sayı: 4321 | Tarix: 04.03.2022
Bizi Telegramda izləyin: @repostaz