Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
RePost.Az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə müğənni Afət Həsənova (Fərmanqızı) ifadə verib.
 
Zərərçəkmiş bildirib ki, Maqsud Mahmudov ondan 1000 dollar istəyib: "Məndən tələb etdiyi məbləği vermədim. Bundan sonra dedi ki, onda hazırlaş, axşam müharibə başlayacaq. Həmin axşamdan başladı, özü ağılda biriylə, həm də alçaldıcı ifadələrlə başladılar. Yatdığım anda telefonuma zəng gəldi. Maqsud dedi ki, sən kimsən ki, bahalı maşın sürürsən? Dedim xalq alıb verib. Bu zaman başqa bir şəxs də danışığa qoşuldu. Zəng edən Elşad adlı şəxs dedi ki, canlı yayımdasınız. Deyəndə “canlıdasan” telefonu bağlamadım. Sosial problemlərdən danışdı. Dedim hər yerdə var. Ölkəmizin əleyhinə danışdılar. Dedim ki, yaşasın dövlətimiz. Əllərim əsirdi. Vicdanı olan məni başa düşər. Xəncər yarası sağalır, söz yarası sağalmır".
 
Müğənni məhkəmədə təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyib.
 
Zərərçəkmiş şəxsin ifadəsinə münasibət bildirən Maqsud Mahmudov isə deyilənlərin yalan olduğunu bildirib: "Afətin danışdıqları yalandır. Tanımıram, tanımaq da istəmirəm. Bloger Qabil Məmmədov dedi ki, Afət deyib ki, bizi ermənilər maliyyələşdirir. Dedim məni tanımır? Kimdir ki, mən ondan pul istəyim? Vasifə dedim ki, bunları yıxıb sürüyəcəm. Dedi 1 saat vaxt ver, silinəcək. Bütün hamısı silindi. Dedi ki, videolar atacam. Mən Vasifin də, Manafın da yanında söydüm. Yalan deyir mən ondan pul istəməmişəm. Mən canlı yayımda da dedim ki, nə vaxt pul vermisən? Harda hədə-qorxu gəlmişəm? Artistdirlər də".
 
Qeyd edək ki, M. Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
 
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Baxış sayı: 4929 | Tarix: 05.03.2022
Bizi Telegramda izləyin: @repostaz