Avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovun göstərişi ilə cərimə meydançasına qoyulan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov məlum hadisə ilə bağlı açıqlama yayıb.
 
RePost.Az-ın məlumatına görə, nazir iki gün əvvəl baş verən problem bu gün tamamilə həll olunub: 
 
"Bir sıra etik məsələləri nəzərə alaraq, mən həmin xoşagəlməz hadisənin formatı və sonluğunun təfərrüatları barədə ictimaiyyəti məlumatlandırmamağı qərara aldım.
Böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Daxili İşlər Nazirliyi tərəfindən bu məsələyə cəlb edilmiş bütün şəxslər qanunun aliliyinə əsaslanaraq mənə qarşı və yaranmış vəziyyətlə əlaqədar olaraq çox yüksək dərəcədə hörmət və konstruktiv yanaşma nümayiş etdiriblər.
 
Mən, öz tərəfimdən, Azərbaycan Respublikasının Prezidenti bütün dövlət qulluqçularından tələb etdiyi kimi, əmin-amanlığın, Azərbaycan vətəndaşlarının qanuni hüquq və maraqlarının mühafizəsi işində onlara uğurlar arzuladım.
 
Lakin Azərbaycanda həmişə olduğu kimi sonradan müəyyən edildi ki, biz həmin şəxslərlə hələ 1994-cü ildən, ABŞ-ın ATƏT-dəki səfiri Braunu Goranboy rayonunun Tapqaraqoyunlu kəndindəki təmas xəttinə müşayiət etdiyimiz vaxtdan bir-birimizi tanıyırıq.
 
Əminəm ki, baş vermiş bu hadisənin bütün iştirakçıları özləri üçün lazımi nəticələri çıxarıblar. Demək istərdim ki, mənim gəldiyim nəticə ondan ibarətdir ki, qanuni hüquqlar uğrunda qanuni vasitələrlə mübarizə aparmaq lazımdır. Bu işdə ictimai rəy və KİV çox mühüm əhəmiyyətə malikdir. 15 gün əvvəl istifadə etməyə başladığım Facebook-un rolu da vacibdir.
 
"Hakimiyyət səlahiyyətlilərinin” və sadə vətəndaşların iştirakçıları olduqları cəmiyyətin transformasiyasının müsbət aktları – uzunmüddətli prosesdir.
 
Demək olar ki, bu, bizim hamımızın keçdiyi məktəbdir və burada əsas qayda – qanunun aliliyidir. Qısası, qanuna hörmət edin və hər kəsdən bu hörməti tələb edin.
 
Əminəm ki, uzumüddətli müzakirələr üçün sensasiya dolu və qaynar faktları, "kim kimi məğlub edəcək” seriyasından yarışma səhnələrini açıqlamadığıma görə, bəzi dostlarım məni bərk tənqid edəcək. Ancaq mən sual verirəm: "Lazımdırmı?” Axı, aydındır ki, Sizin göstərdiyiniz və mənim də səmimi şəkildə minnətdar olduğum ictimai dəstək və baş vermiş hadisə ətrafında yaranmış rezonans QALİB GƏLDİ. Daha doğrusu, qalib gələn QANUN oldu", - deyə diplomat bildirib.
 
RePost.Az
 

Baxış sayı: 4093 | Tarix: 03.03.2017
Bizi Telegramda izləyin: @repostaz