Bakıda kriminal avtoritet “Emin 444” ləqəbli Emin Səfərovun qətlində ittiham olunan, amma məhkəmədə bəraət alaraq azadlığa çıxan Zaur Yusifov öldürülüb.
RePost.Az xəbər verir ki, paytaxtın Nəsimi rayonu 6-ci mikrorayon ərazisində Zaur Yusifov naməlum şəxs və ya şəxslər tərəfindən “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.
Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib.
Artıq Zaur Yusifovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Məlumata görə, S.Şirəliyev kriminal aləmdə “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.
Qeyd edək ki, 2020-ci il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilirdi.
2021-ci il oktyabrın 8-də Zaur Yusifov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılmışdı.