Azərbaycandan Xankəndinə gedən qaz xətti bərpa edilib. Bu barədə RePost.Az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
 
Məlumata əsasən, həmin ərazidə SSRİ dönəmində çəkilən qaz xətləri Ermənistanın işğalından sonra yararsız hala salınıb. "Azəriqaz" İstehsalat Birliyinin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirləri bitiriblər. Ermənistanın işğalı zamanı sıradan çıxarılan qaz xətləri artıq tam bərpa edilib.

Qeyd edək ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq, istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir. Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

Baxış sayı: 5442 | Tarix: 28.03.2022
Bizi Telegramda izləyin: @repostaz