Dünyada allergik xəstələrin sayı ilbəil artmaqdadır. Mütəxəssislər bildirir ki, allergiya orqanizmin bəzi maddələrə və cisimlərə verdiyi qeyri-normal cavab reaksiyasıdır.
 
Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Amma bu mövsumi xarakter daşıyır, əsasən də yaz və payız aylarında özünü daha qabarıq şəkildə büruzə verir.
 
Artıq yaz ayı olduğu üçün allergiyalı xəstələr, xüsusən də uşaqlar arasında ataklar artır. K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (OMD xəstəxanası) baş həkimi Azər Əhmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, allergiyayameyili şəxslər, allergik xəstələr yaz və payız aylarında ataklara girə bilərlər. Ona görə də, həmin aylarda allergiya ilə bağlı müraciətlərin sayı artır.
 
“Allergik xəstəliklər bu aylarda alovlana bilir. Belə xəstələrin düzgün müalicəsi üçün mütləq analizlər lazım olur. Bunun üçün “Prick test”lər olmalıdır. Qan analizləri və s. verilməlidir. Bundan sonra diaqnoz dəqiqləşir və düzgün müalicə tətbiq edilir.
 
Allergiyalı və astma xəstəliyi olan uşaqlar mütləq yaz və payız aylarında qoruyucu müalicələr almalıdırlar. Ataklara girdiyi zaman, yəni xəstəliyin alovlanması dövründə düzgün müalicə alınmalıdır”, - deyə uzman doktor bildirib.
 
Övladı allergiyadan əziyyət çəkən paytaxt sakini Cavid Babayev BAKU.WS-ə şikayətində bildirdi ki, hazırda dövlət xəstəxanalarənda tənəffüs və ya qida allergiyası: “Prick test”ləri edilmir.
 
“Qızım Zəhranın hansı qida və amillərə qarşı allergiyasının olduğunu müəyyən etmək üçün həkimlər mütləq analiz etməyi məsləhət görürlər. Qızım, ümumiyyətlə allergiyası olan xəstələr mütləq “Prick testi” etdirməlidirlər. Yəni qida və tənəffüs panelindən nümunələr verilməlidir.
 
Təəssüf ki, dövlət xəstəxanalarında bu analizlər götürülmür. Özəl xəstəxanalarda isə həmin analizlər bahadır.
 
Bunun üçün isə özəl xəstəxanalar 400 manatdan çox pul tələb edir”, - deyə Cavid Babayev bildirib.
 
Şikayətin nə dərəcədə dəqiq olduğunu yoxlamaq üçün kiçik araşdırma apardıq. İlk öncə bildirək ki, qida paneli qidaya olan allergiyaları bildirir.
 
Tənəffüs paneli toz, heyvan tükü və s. olan allergiyanı bildirir. Bu analizlər dövlət xəstəxanalarında götürülmür. Özəl xəstəxanalarda qida panelinin analizi üçün 155 AZN, tənəffüs panelinin analizi üçün 260 AZN tələb olunur.
 
İcbari Tibbi Sığorta xətti il bir çox xəstəliklərin müalicəsi və analizi pulsuz aparılır. Bəs “Prick testi” xidmətlər zərfinə daxil edilibmi?
 
Bununla bağlı Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, tənəffüs və ya qida allergiyası: “Prick testi” üzrə laborator analiz Xidmətlər Zərfi ilə təminata alınmayıb.
 
“İcbari tibbi sığorta çərçivəsində allergiya ilə bağlı aşağıdakı laborator analizlər Xidmətlər Zərfi ilə təminata alınır:
 
• Allergen spesifik IgG kəmiyyət və ya yarımkəmiyyətcə, hər bir antigen
 
• Allergen spesifik IgE; kəmiyyət və ya yarımkəmiyyətcə, hər bir antigen
 
• Allergen spesifik IgE; keyfiyyətcə, çoxsaylı allergen skrininq (strip, paddle və ya disk)
 
Nəzərə çatdıraq ki, laborator analizlər yalnız həkimin göstərişi əsasında təyin edilir”, - deyə qurumdan bildirilib.
 
Mütəxəssislər isə bildirilir ki, xidmətlər zərfində olan analizlər “Prick testi” əvəz etmir. Xəstələr üçün isə vacib olan məhz bu analizdir.
 
Məsələ ilə bağlı Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, mütləq onun müəyyən edilmə testi İcbari Tibbi Sığorta zərfinə daxil edilməlidir.
 
“Allergiyaların bəziləri anaflektik şok kimi çox sürətlə inkişaf edə bilər. Bəziləri zəif inkişaf edə bilər. İstənilən müddət fövqəladə yarana bilər və bu zaman təxirəsalınmaz yardıma edilməlidir. Bunun üçün də, onların mütləq analizləri olmalıdır. Bunun üçün də, bu xidmət də mütləq İcbari Tibbi Sığortaya daxil edilməlidir”, - deyə professor qeyd edib.
 
Göründüyü kimi, allergiya heç də çoxlarının barmaqarası baxdığı xəstəlik deyil. Düzgün diaqnoz və tövsiyələrə əməl etmə sağlam yaşamağı şərtləndirən əsas amillərdəndir.
 
Əks təqdirdə, yollardan birinin dönüşü olmaya bilər. İnanırıq ki, bunları nəzərə alaraq “Prick testi” İcbari Tibbi Sığorta zərfinə daxil ediləcək.

Baxış sayı: 8596 | Tarix: 30.03.2022
Bizi Telegramda izləyin: @repostaz