“İlk növbədə şəxsimə göstərilən diqqət və dəstəyə görə hamıya təşəkkür edirəm. Ukraynadakı hadisələr hamıya o cümlədən mənə də təsir edir”.
 
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının şahmatçısı, üçqat Avropa çempionu Rauf Məmmədov deyib.
 
Bir müddət əvvəl sosial şəbəkə səhifəsində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı fikirlər yazan qrossmeyster bu addımına aydınlıq gətirib: “Həyat yoldaşım Nataliya Buksa ukraynalıdır və əslən Lvov şəhərindəndir. Ukraynadakı hərbi əməliyyatlar başlayan zaman biz Lvov şəhərində yaşayırdıq. Təsəvvür edin, Lvov bombardman olunandan sonra təxliyə olunmağa məcbur olduq. Həyatımda heç vaxt unutmayacağım həyəcanlı anlar yaşadım. Şahmatçı kimi indiki vəziyyətdə yarışda iştirak etmək, bütün fikrimi cəmləmək çətindir”.
 
Rauf paylaşımı emosional vəziyyətdə yazdığını etiraf edərək bildirib ki, yarışlarda iştirakdan boyun qaçırmayıb: “Feysbukdakı postuma səbəb kimi göstərilən faktlar reallıqda öz təsdiqini tapmadı. Buna görə də sosial şəbəkədə emosional vəziyyətdə yazdığım sözlərin bir qədər düşünülməmiş qərar olduğunu deməliyəm. Azərbaycan millisində çıxış etmək hər zaman qürurlu olub. Ən çətin vaxtlarda belə yığmanı mübarizədə tək qoymamışam. Azərbaycan millisi ilə üç dəfə Avropa çempionluğunun sevincini yaşamışam. Ailə üzvlərim, yaxınlarım milli komandanın mənim üçün nə qədər önəmli olduğunu başa düşür. Ona görə milli komandada çıxışımı davam etdirəcəyimi, mötəbər yarışlarda Azərbaycan yığmasının şərəfini qoruyacağıma ümid edirəm”.

Baxış sayı: 2820 | Tarix: 07.04.2022
Bizi Telegramda izləyin: @repostaz