Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
RePost.Az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən bugünkü iclasda Maqsud Mahmudovun keçmiş həyat yoldaşı Səhər Abbasova ifadə verib.
 
Şahid məhkəmədə geniş danışmaq istəmədiyini deyərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.
 
Daha sonra şahid Maqsud Mahmudova məxsus olmuş obyektlərlə bağlı vəkilin suallarını cavablandırıb.
 
Səhər Abbasova təqsirləndirilən şəxsin alıb-satdığı bir neçə obyekt barədə danışıb. O, evlər, maşınlar və torpaq sahələrindən əlavə "Las Veqas" adlı restoranın da Maqsud Mahmudovun olduğunu, lakin sonradan satdığını xatırladığını bildirib.
 
Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
 
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.
 
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Baxış sayı: 4644 | Tarix: 18.04.2022
Bizi Telegramda izləyin: @repostaz