"Rusiya neft-qazının Avropaya tədarükünə embarqo qoyulması məsələsi sanksiyalar çərçivəsində müzakirə oluna bilər, lakin bu günə qədər bu məsələ müzakirə olunmayıb".
 
APA xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron İtaliyanın "Corriere della Sera" qəzetinə müsahibəsində deyib.
 
“Bu, danışıqlar masasına gətirilə biləcək bir məsələdir, ancaq bu gün yox. Kömür və neft artıq müzakirə olunur, amma qaz müzakirə mövzusu deyil. Bunun səbəb olacağı böyük çətinliyi bilirik. Ona görə də artıq illərdir ki, siz mənim Avropanın enerji suverenliyi haqqında danışdığımı eşidirsiniz. Mən bu barədə Sorbonnadakı çıxışımdan (2018) bəri danışıram. Rusiya yeni hərbi, diplomatik və ya taktiki səviyyəyə keçməyə qərar verdiyi hər gün münasibətlərin normal vəziyyətə qayıtması şansını və bizim dayanıqlı sülh qurmaq imkanlarımızı azaldır”, - Fransa Prezidenti bildirib.
 
Makron qarşılıqlı olaraq karbohidrogen tədarükünə sanksiya qoyulacağı barədə mümkün ssenaridən də danışıb.
 
“Biz dramatik və çox çətin anlar yaşayırıq. Mayın 9-u (nasizm üzərində qələbənin ildönümü) ilə əlaqədar Rusiya Ukraynanın şərqinə hücumlarını gücləndirəcək və biz qərarlar qəbul etməli olacağıq. Və əgər biz yeni sanksiyalara qərar versək və ya Rusiya karbohidrogenlərlə bağlı daha dəqiq desək qazla bağlı əks-sanksiyalara qərar verərsə, aydındır ki, Avropa bütün ailələrdən səy göstərməyi tələb etməli olacaq. O zaman izah edəcəyik ki, daha az asılı olmaq üçün temperaturu aşağı salmalıyıq. Biz 2022-ci ilin yazında və ya yayında nəticələri görməyəcəyik, lakin Rusiya qazı olmasa, gələn qışda biz ağır nəticələrlə üzləşə bilərik. Sizi əmin etmək istəyirəm ki, bu, bizim bu gün düşdüyümüz ssenari deyil, amma bu ssenari baş verə bilər”, - Makron qeyd edib.

Baxış sayı: 4606 | Tarix: 22.04.2022
Bizi Telegramda izləyin: @repostaz