Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd edilir.
RePost.az-ın məlumatına görə, xalq arasında bu çərşənbəyə Yel çərşənbəsi, Yelli çərşənbə, Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə deyirlər. Yel çərşənbəsi yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində adətən hava təmizlənir.
Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir.
Yel çərşənbəsi ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var. Məsələn, ”Yel əsib qoz tökülüb”, "Yelnən gələn selnən gedər”, "Yel apardığını qaytarmaz”, "Yellə dost olan yellənə-yellənə qalar”, "Yel bağlayanı el açar”, "Külək kimi hərdən bir yana əsmə”.
Yel çərşənbəsində qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir.
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb ona dua edək. Çərşənbəniz mübarək!
RePost.az