Gəncə şəhər sakini Heydər Qaytaranov özünə məxsus avtomobilin qeydiyyata alınmamasından şikayətçidir.
 
RePost.Az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən vətəndaş bildirib ki, o, avtomobildə müəyyən konstruksiya dəyişiklikləri edib və maşını dəyişikliyə uyğun DYP-də qeydiyyatdan keçirmək istəyib.
 
Onun sözlərinə görə, Gəncə şəhər 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi onun müraciətinə mənfi cavab verib: “Dövlət qeydiyyat nömrəsi 32-BH-160 olan “GAZ-M21” markalı minik avtomobilimlə bağlı dəfələrlə müraciət etməyimə baxmayaraq, qeydiyyata alınmır. Düzdür, həmin nəqliyyat vasitəsinin strukturunda müəyyən dəyişikliklər etmişəm. Avtomobilimin dövlət qeydiyyatından keçirilməsini və uçota alınmasını xahiş etmişəm. Amma müraciətim təmin olunmayıb”.
 
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə Regional qrupu ilə əlaqə saxladıq. Baş inspektor, polis baş leytenantı Eşqin Qasımov bildirdi ki, vətəndaşın müraciətinə baxılıb: “Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və məlum olub ki, vətəndaşın avtomobilə etdiyi konstruksiya dəyişikliyi qanunaziddir, buna görə də onun avtomobili dövlət qeydiyyatına alına bilməz”.
 
Qeyd edək ki, qanuna əsasən, qeydiyyata alınan nəqliyyat vasitələrinin konstruksiyası hərəkətin təhlükəsizliyinə və ətraf mühitin qorunmasına aid qüvvədə olan standartların, qaydaların və normativlərin tələblərinə uyğun olmalıdır. Avtonəqliyyat vasitələri qeydiyyata alınarkən mülkiyyətçilər qeydiyyat məntəqəsinə nəqliyyat vasitəsinin konstruksiyasının yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Yol Polis İdarəsi tərəfindən verilmiş şəhadətnaməni (onun kserosurətini) təqdim etməlidir.

Baxış sayı: 6316 | Tarix: 05.05.2022
Bizi Telegramda izləyin: @repostaz