Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsi ilə bağlı məlumatlara münasibət bildirib.
RePost.Az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "report"un sorğusuna cavab olaraq bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:
"Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət edib. Onlar isə polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilən hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.
Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə qeyd edirik ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı tələbənin mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparıldığı, daha sonra orada döyülməsi ilə bağlı məlumat yayılmışdı.