15 İyun - Milli Qurtuluş Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 50 nəfər Vətən müharibəsi əlilinə “Xəzər” markalı minik avtomobili təqdim edilib.
Nazirlikdən RePost.Az-a verilən məlumata görə, avtomobillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Vətən Müharibəsi Qəhrəmanları Qəzənfər Ağayev və Cavid Behbudov, “Qarabağ qaziləri” İB-nin üzvü Rey Kərimoğlu iştirak ediblər.
A.Kərimov bildirib ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişaf yoluna çıxmasını təmin edən Ulu öndərin xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial sabitlik və inkişaf sahəsində mühüm addımlar atıldı. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin avtomobillə təminatına başlandı.
Ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi Azərbaycanın sürətli inkişaf yoluna çıxmasını, həmçinin aparılan sosial siyasətin ildən-ilə güclənməsini təmin edib.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunub. Bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.
Dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib.
2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzil, ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara verilib.
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləri çərçivəsində son 4 ildə 1500-dək, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.
Hazırda Vətən müharibəsi əlillərinə təqdim edilən 50 avtomobil də daxil olmaqla bu il 100 avtomobil müharibə əlillərinə verilib.
Avtomobillə təmin edilən müharibə əlilləri daim diqqət və qayğı ilə əhatə olunduqlarına, onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə, bu gün avtomobillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.